BAKI, 22 iyul — Sputnik. Rusiya Ukraynanı "Şimal axını – 2" ilə şantaj etməyə hazırlaşmır, bu, Kiyevə qarşı təzyiq aləti deyil, söhbət yalnız kommersiya məqsədindən gedir, – deyə Kremldən bildirilib. Hamının ABŞ və Almaniya razılaşmasının detallarını gözlədiyi bir vaxtda Ukrayna rəhbərliyi Vaşinqtonun "sağlam məntiqinə" ümid edirdi, çünki Kiyev inandırmağa çalışırdı ki, sözügedən boru kəməri yalnız Ukraynanı deyil, bütün dünyanı təhdid edir. Doğrudanmı boru kəmərinin tikintisi ilə bağlı epopeya başa çatmaq üzrədir? RİA Novosti bu suala cavab axtarıb.
Qeyri-müəyyən razılaşmalar
"Rusiya hər zaman enerji resurslarından siyasi təzyiq mexanizmi kimi istifadə etməsi barədə ittihamları qətiyyətli şəkildə rədd edib, bu, heç vaxt olmayıb, bundan sonra da olmayacaq. Bütün bunlar kommersiya razılaşmasının və kommersiya məqsədyönlülüyünün predmetidir", – deyə Dmitri Peskov növbəti dəfə məsələyə aydınlıq gətirib.
Bir qədər əvvəl Vaşinqton Almaniya ilə razılaşmanın bəzi detallarını açıqlayıb. Bundan bir həftə əvvəl isə Angela Merkel Ağ Evə baş çəkib. Daha sonra ABŞ Dövlət Departamentindən də bildirildiyi kimi, almanlar ağlabatan təkliflər irəli sürüblər.
Amerikalıların fikrincə, ümumi məqsədə nail olmaq yolunda inkişaf var və bu, Rusiyaya enerji axınlarından siyasi silah kimi istifadəyə imkan vermir. Vaşinqtonun bu məsələdə Polşa və Ukrayna ilə məsləhətləşmələr apardığı da məlumdur.
ABŞ artıq 98 faizi inşa olunmuş boru kəmərinin tikintisinin başa çatmasına mane olmayacaq. Digər tərəfdən, əgər Rusiya boru kəmərindən sui-istifadəyə cəhd göstərsə, Almaniya buna qarşı tədbir görmək məcburiyyətindədir. Əvvəllər bu ölkə Moskva əleyhinə birtərəfli hərəkətlərdən də imtina etmişdi. Yeri gəlmişkən, elə indi də bundan məmnun deyil.
Berlin, belə demək mümkündürsə, "Yaşıl fond"a investisiya yönəltməyə razılıq vermişdi. Həmin fond sayəsində Ukraynanın ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidi təmin olunacaq. Söhbət ən az bir milyard dollardan gedir ki, 175 milyon dollarlıq ilkin investisiyanı da Almaniya yatıracaq. Bundan başqa, Kiyevə energetika layihələri üzrə mütəxəssislər və onlarla birlikdə 70 milyon dollar da göndəriləcək.
Bununla yanaşı, Berlindən Rusiya ilə Ukrayna arasındakı təbii qaz tranziti ilə bağlı razılaşmanın ən az 10 il də uzadılmasına (müddət 2024-cü ildə başa çatır) həmrəylik göstərməsi tələb olunur. İyulun 21-də axşam saatlarında Merkellə Putin arasında baş tutan telefon danışığında "Qazprom"la Ukraynanın "Naftoqaz" şirkəti arasında razılaşmaya ayrıca toxunulub. Nəticədə Moskva və Berlinin "kəmərin tikintisinin bu yaxınlarda başa çatacağından razı qaldıqları" ifadə olunub.
Əleyhinə çıxanlar
Vladimir Zelenski bəyan edib ki, "Şimal axını–2"-nin taleyi ABŞ-ın əlindədir, Avropa İttifaqı isə vahid cəbhədə birləşməlidir. O, Merkellə iyulun 12-də Almaniya paytaxtında görüşüb və onu layihənin bağlanmasına inandırmağa çalışıb. Ancaq Merkel razılıq verməyib.
"Tərbiyəli xanım (orijinalda daha kobud ifadədən istifadə olunub - red.) xətrinə dəyməmək üçün onu nəzakətli şəkildə başından eləyib", – Ukrayna Radasının "Həyat uğrunda müxalifət platforması"ndan olan deputatı Vadim Rabinoviç onların görüşünü belə şərh edib.
Kiyevdə Merkeli "Ukraynanın maraqlarından əl çəkməkdə" ittiham ediblər, ancaq bu, bir işə yaramayıb. Üstəlik, "Politico" nəşrinin də yazdığı kimi, Vaşinqton Kiyevdən səsini kəsməsini xahiş edib. Çünki tərəfdaşların planlarına ictimai şəkildə qarşı çıxmaq Amerika-Ukrayna münasibətlərinə zərər verə bilər.
Konqresmenlər də Baydenin qərarına qarşı öz narazılıqlarını bildiriblər. Texasdan olan respublikaçı senator Ted Kruz bu razılaşmanı "ABŞ və müttəfiqləri üçün fəlakət, Putinin gələcək geosiyasi qələbəsi" adlandırıb.
"Ukraynanı və Avropa energetikasını Putinə peşkəş verirlər", – deyə Nümayəndələr Palatasından respublikaçı Stiv Uomak bəyan edib. Başqa bir respublikaçı Cim Rişin sözlərinə görə, avqustun 11-də Avropanın enerji təhlükəsizliyinin qorunması haqqında qanuna dair hesabat (PEESA) açıqlanacaq və onda Ağ Ev "sanksiyalardan imtina etməyin niyə ABŞ-ın milli marağında olduğunu yazılı şəkildə əsaslandırmaqdan" boyun qaçıra bilməyəcək.
Bununla belə, Amerika hakimiyyəti vurğulayıb ki, PEESA çərçivəsində sanksiya tətbiq etmək hüququnu özündə saxlayır.
Gərəksiz müqavimət
Ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko belə hesab edir ki, Kiyevin nəhəng investisiyalar gözləməyinə dəyməz, Rusiyaya təsir göstərmək isə alınmayacaq.
"Razılaşma tamamilə çərçivə xarakteri daşıyır: enerji təhlükəsizliyi barədə ümumi müddəalar, enerji şantajının yolverilməzliyi və s. Orada Ukraynanın adı çəkilsə belə, bu, dolayı yolla baş verir", – o, RİA Novosti-yə müsahibəsində bildirib.
Alman politoloq Aleksandr Rar da eyni fikri paylaşır.
"Kiyevin də reaksiyasından göründüyü kimi onlar pul gözləyirlər. Ancaq indi vəziyyət başqadır, yalnız Rusiyaya qarşı çıxdığına görə bu pul Ukraynaya bağışlanmayacaq. Alternativ variant alman şirkətlərini Ukrayna ilə biznes qurmağa çağırmaqdır, ancaq bunun üçün şərtlər hələ formalaşmayıb: hüquqi sistemdə, fərdi mülkiyyətlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir", – deyə Rar vurğulayır.
Eyni şey amerikalılara da aiddir. Onlar öz mayeləşdirilmiş qazını Almaniya və Aİ ölkələrinə satmağa xüsusi maraq göstərmir, eyni zamanda "Ukraynanın inkişafına investisiya qoymaq istəmirlər", – deyə Rar bildirir. Bunu Amerika siyasətinin məğlubiyyəti və ya sağlam məntiqin qələbəsi kimi də qiymətləndirmək olar. Bayden iki "pis"in arasından seçim etməli oldu. Aydın məsələdir ki, təzyiqdən imtina etmək istəmirdi, ancaq yekunda əsas tərəfdaşlardan biri ilə dalaşmamaq arzusu üstün gəldi", – deyə Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov vurğulayır.
"Bu, Almaniyanın qələbəsidir. Merkel güzəştə getmədi və faktiki olaraq almanlar deyil, amerikalılar öz planlarından imtina etməli oldular", – deyə Kortunov qeyd edir.
"Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqatlar Mərkəzinin beynəlxalq əlaqələr departamentinin dosenti Tatyana Romanova belə hesab edir ki, layihənin tikintisinə mane olmaq faydasız idi, bununla belə, tezliklə yeni təhdidlər ortaya çıxacaq.
"Böyük ehtimalla boru kəməri istismara veriləcək, ancaq 2030-2035-ci illərə kimi yəni bərpa olunan enerji növlərinin üstünlük təşkil edəcəyi vaxt problem Amerikanın təzyiqində deyil, Aİ-nin enerji balansının dəyişməsində özünü göstərəcək", – deyə Romanova qeyd edir.
Beləliklə, uzunmüddətli peripetiyalardan sonra "Şimal axını-2" yekunlaşmaq üzrədir. Almaniya bu boru kəməri uğrunda xeyli müddət mübarizə apardı və hətta Merkelin gedişindən sonra belə, ölkə çətin ki, sözügedən layihədən imtina etsin. O ki qaldı yaşıl enerjiyə, onsuz da qazsız keçinmək mümkün deyil. Deməli, bu həddən artıq bahalı və çoxdan gözlənilən layihənin şansı var.
Eləcə də oxuyun:
-
Rusiyanın məxfi silahı Avropanın düz mərkəzində ABŞ-a zərbə vurub
-
ABŞ “Şimal Axını 2” layihəsinə niyə qarşıdır? – İlham Şaban danışır
-
Diplomatik təyinatlarda ləngimələr: səbəb Rusiya layihəsi göstərilir