21:36 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA
Qısa URL
35 0 0

ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı.

BAKI, 6 iyul — Sputnik. "ABŞ iyulun 3-də Azərbaycan tərəfindən 15 erməni məhbusunun sərbəst buraxılmasını və onların Ermənistana qayıtmasını alqışlayır. Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını da alqışlayırıq".  Bu barədə Sputnik Azərbaycan-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

"Bu addımlar 12 iyun tarixində Azərbaycanın erməni məhbuslarını sərbəst buraxması və Ermənistanın minalardan təmizlənməni asanlaşdırmaq üçün Azərbaycana məlumat vermək qərarından sonra baş verdi. ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ həmçinin Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini qiymətləndirir.

Amerika Birləşmiş Ştatları bütün tutulanların geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi çağırışlarını davam etdirir. Bölgədəki əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Biz, həmçinin, Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa çağırırıq", - deyə ABŞ səfirliyindən bildirilib.

Qeyd edək ki, indiyədək Ermənistan Azərbaycana vaxtilə işğal etdiyi ərazilərdən yalnız üç rayonun mina xəritəsini verib.

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Əsas mövzular