BAKI, 26 dekabr — Sputnik. Dünya mətbuatı Türkiyənin yerli və milli resursları hesabına istehsal etdiyi, Qarabağ müharibəsində sınaqdan keçərək böyük uğur qazanan silahlı və silahsız Pilotsuz Uçan Aparatlarından (PUA) yazmağa davam edir. Fransanın "Liberation" və İtaliyanın "La Repubblica" media orqanının ardınca məşhur "Le-Monde" qəzeti də türk PUA-larının uğurunu qələmə alıb. Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir ki, "Le-Monde"da çıxan xəbərdə türk PUA-larının müharibə tarixini dəyişdirdikləri bildirilir.
"Altı ədəd "Bayraqdar"la Ermənistan ordusunu darmadağın etdilər. Suriya və Liviyada olduğu kimi, Qarabağda da istifadə olunan hərbi sistemlər onların qarşısında aciz qaldı. Türk PUA-ları gələcəkdə müharibələrin necə olacağını göstərdi. Avropa bundan dərs götürməlidir", - deyə qəzet yazır.
Qeyd edək ki, keçən həftə İtaliyanın "La Repubblica" qəzeti də türk PUA-larının uğurundan bəhs edən xəbər dərc etmişdi. Qəzet manşetdə verdiyi xəbərdə Səlcuk Bayraqdar və İsmayıl Dəmirin türk aviasiyasına töhfəsindən söz açaraq Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın şəklinin altına da "PUA-ların kralı" ifadəsini yazmışdı.