Astaranın ucqar Əzərud kəndində doğulan, boya-başa çatan əfsanəvi kəşfiyyatçı gizir Pəncəli Teymurov 2016-cı ilin Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndində qəhrəmanca şəhid olub. Məhz o kəndin azad edilməsi Teymurovlar ailəsinin yaddaşında illər boyu qalacaq.
“Mənim qardaşım orada şəhid olmuşdu. Arzum odur ki, azad edilmiş torpaqlardan, Şuşadan, Laçından torpaq götürüb qardaşımın məzarının üstünə töküm”, - deyə şəhidin qardaşı, Famil Teymurov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.
Şəhid anası Vahimə Ağayeva döyüşlər ərzində bütün xəbərləri diqqətlə izləyib, ürəyi əsgərimizlə bir atıb, çünki o, bütün əsgərlərin onun oğlu olduğuna inanır.
“Biz çoxdan bu günləri gözləyirdik. Bu gün birlikdə bu şad xəbəri eşitdik, mən elə bildim ki, Pəncəli də mənim yanımdadır. Pəncəli ilə birlikdəyəm mən”, -deyə Vahimə xanım qələbə sevincini bizimlə paylaşıb.
O, həm də şəhid analarına müraciət edərək, başlarını hər zaman uca tutmalarını xahiş edib.