23:29 20 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
RUSİYA
Qısa URL
57 0 0

Hazırda Rusiyada gündə 25 min insan virusa yoluxur, ölənlərin sayı isə 800 nəfərdir. Bunun səbəbini istisnasız olaraq, vaksinasiyanın aşağı səviyyəsində axtarmaq lazımdır. Çünki bu müddət ərzində xəstəliyin müalicəsi ilə əlaqədar heç bir yeni metod kəşf olunmayıb.

BAKI, 13 avqust — Sputnik. Hamı vaksinasiya olunmayana kimi daimi qaydada peyvənd vurdurmamış insanların anklavı ortaya çıxacaq. Çünki onlar virus və onun variantlarının daha çox cəmləşdiyi "rezervuar" rolunu oynayaraq peyvənd vurulanları yoluxdurmaq qabiliyyətinə malikdirlər.

Bu fikri "Kurçatov İnstitutu"nun Tədqiqat Mərkəzinin Molekulyar Genetika və Rusiya Elmlər Akademiyasının Gen Biologiyası institutlarının laboratoriyalar müdiri, ABŞ-ın Ratgers Universitetinin professoru Konstantin Severinov Sputnik informasiya agentliyinə müsahibəsində səsləndirib.

– Konstantin Viktoroviç, amerikalı alimlər bu fikirdədirlər ki, guya insanlar peyvənd olunmasalar, koronovirus mutasiyaya uğrayaraq istənilən vaksinə qarşı həssaslığını itirəcək. Bu həqiqətən də belədirmi? Doğrudanmı bunun baş verməməsi üçün vaksinasiya olunmaq lazımdır?

– Məncə, belə ifadə etsək, daha doğru olar: nə qədər çox insan virusa yoluxarsa və nə qədər uzun müddətə xəstələnərsə, virusun mutasiyalarının ortaya çıxma ehtimalı da bir o qədər böyük olur. Vaksinasiya xəstəliyi ağır keçirənlərin sayının az olmasına və prinsip etibarilə yoluxmuş insanlar vasitəsilə keçən virusların da sayının azalmasına gətirib çıxarır.

– İndi KİV, alimlər bizi qorxudurlar ki, virus get-gedə daha da "qəddarlaşır" və müalicəyə qarşı dözümlü olur. Bu nə ilə bağlıdır?

– Məncə, bu, KİV-in səhihliyinə əmin olmadığı informasiyanı yayması ilə bağlıdır. Virus, sözsüz ki, getdikcə daha yoluxucu olur, ancaq xəstəliyin özü, ağırlığı və müalicə metodlarında zamanla "qəddarlaşma" prosesi müşahidə edilmir. Sadəcə, o daha yoluxucu olur. Bu isə o deməkdir ki, virusun yeni variantına yoluxmuş bir insan müalicə olunmamışdan əvvəl daha çox insanı yoluxdura bilər. Deməli, epidemiya da daha sürətlə yayılmağa başlayır.

– Əvvəl dedilər ki, əsasən, yaşlı insanlar xəstələnir, çünki onlar əhalinin ən az müdafiə olunan təbəqəsidir. Sonra cavanlar xəstələnməyə başladı və indi uşaqlar da yoluxur, özü də çox ağır formada. Bunu rusiyalı həkimlər də təsdiqləyir. Bu sizin haqqında danışdığınız prosesin nəticəsidir?

– Bəlkə də bu ona görədir ki, virus bizim hüceyrələrimiz və reseptorlar – hüceyrələrin səthindəki xüsusi züllalarla qarşılıqlı təsir nəticəsində birləşə bilir. Virusun yeni variantı bunu daha effektiv edir. Sən demə, uşaq hüceyrələrinin səthində belə zülal-reseptorların sayı azdır. Odur ki, virusun ilkin formalarına qarşı uşaqlar daha dayanıqlı idilər. İndi isə virusun bizim hüceyrələrimizdəki "nişangahları" daha yaxşı tanıyan variantı meydana çıxdığından, uşaqlar da xəstələnməyə başlayıblar.

– İndi peyvənd olunanların virusa yoluxmasından çox danışılır. Hətta bəziləri yazır ki, bu şəxslər xəstəliyi ağır formada keçirirlər. Bəs tibbi nöqteyi-nəzərdən xəstəliyin ağır forması necə izah olunur? Hansı simptomlar koronovirusun ağır, hansılar yüngül formasına aiddir?

– Bu barədə heç bir fikrim yoxdur, mən həkim deyiləm. Ancaq belə hesab edirəm ki, bütün bu məsələləri filtrdən keçirmək lazımdır. Ən yaxşısı, problemə statistika nöqteyi-nəzərdən yanaşmaqdır. Bu baxımdan Rusiya və Böyük Britaniyanın statistikası çox şeydən xəbər verir. Hər iki ölkədə də daha çox adenovirus əsasında hazırlanmış peyvəndlərdən istifadə olunur: Rusiyada "Sputnik V", Böyük Britaniyada isə "AstraZeneca". Yeganə fərq vaksinasiya olunanların sayındadır. Böyük Britaniyada əhalinin 65 faizi, Rusiyada isə müxtəlif qiymətləndirmələrə görə, təxminən 20 faizi peyvəndlənib. Yeni İl ərəfəsində nə onlarda, nə biz də vaksinasiya olunmuş insanlar yox idi və həmin vaxt Böyük Britaniyada gündəlik təxminən 60 min yoluxma və 1800 ölüm halı baş verirdi. Rusiyada isə təxminən 30 nəfər yoluxur və 500 nəfər ölürdü. Yarım il sonranın rəqəmlərinə baxsaq, görərik ki, indi İngiltərədə peyvənd vurduranların sayı çox olsa da, yenə gündə 50 min insan yoluxur – virusun yeni formasının yayılması hesabına indi onlarda növbəti dalğa başlayıb. Bununla belə, gündəlik cəmi 100 nəfərə qədər ölüm halı baş verir. Halbuki hazırda Rusiyada bir gündə 25 min insan virusa yoluxur, ölənlərin sayı isə 800 nəfərdir. Belə çıxır ki, vəziyyət dekabrdakından da pisdir. Səbəbini isə istisnasız olaraq, vaksinasiyanın aşağı səviyyəsində axtarmaq lazımdır. Çünki bu müddət ərzində xəstəliyin müalicəsi ilə əlaqədar heç bir yeni metod kəşf olunmayıb.

– Necə bilirsiniz, müxtəlif vaksinləri birləşdirmək olar?

– Bunu artıq kilinik sınaqlar təsdiqləyib və nəzəri cəhətdən heç bir əks-göstəriş yoxdur. "Johnson & Johnson"-dan başqa bütün peyvənd preparatları iki dozalıdır. Bütün hallarda antigen koronavirusun S-zülalıdır. Hazırda kombinləşdirilmiş vaksinlərdən istifadə olunmaması üçün heç bir səbəb yoxdur.

– Bəzi insanlar vaksin vasitəsilə onların bədəninə çip yerləşdirilməsindən ehtiyat edirlər. Koronavirus vaksininin insan genlərini dəyişdirmək məqsədilə icad edildiyi söylənilir. Siz bu barədə nə düşünürsünüz? Sizcə, bu söz-söhbət haradan qaynaqlanır? Peyvənd insan genomuna təsir edə bilərmi?

– Aydın məsələdir ki, hazırda istifadə olunan peyvəndlər nə nəzəri, nə də praktik baxımdan insan genomunu dəyişdirə bilməz. Adamların bu barədə danışarkən konkret nəyi nəzərdə tutduqlarını anlamaq olmur. Bizim bütün hüceyrələrimizin genomunu, yoxsa cinsi hüceyrələrin genomunu? Hər bir halda, bunu iddia edən şəxslə konkret şəkildə aydınlaşdırmağa ehtiyac var. Ümumiyyətlə, desək, bizlərdən çoxumuz ya psixiatra getməli, ya da molekulyar biologiyanı öyrənməliyik. Təəssüf ki, sonuncusu daha çox vaxt aparır.

– İnsanlar hər şeyin nəzarət altında olmasını xoşlayırlar, məsələn, vaksinasiyadan sonra antitel testi verirlər. Orqanizmdə antitel səviyyəsini nəzarətdə saxlamağa ehtiyac varmı?

– Vaksinin işə yaradığını öyrənmək yaxşıdır. Bunun üçün həqiqətən də, ikinci peyvənddən sonra, heç olmasa bir dəfə test verməyə ehtiyac var. Bu nəyə görə lazımdır? Əgər "Sputnik V" peyvəndinin klinik sınaqlarının nəticəsinə nəzər salsaq, görərik ki, peyvənd olunan qrupda insanların 98%-də antitel yaranıb, yalnız 2 faiz istisna təşkil edir. Səbəbləri müxtəlif ola bilər. Məsələn, immun sisteminin anadangəlmə deffekti, ancaq bu bir o qədər də ağlabatan deyil, çünki onda həmin insanlar, ümumiyyətlə, sağ qala bilməzdilər. Vaksinin düzgün saxlanılmadığı, ya da lazımı şəkildə vurulmadığı barədə də mülahizə yürütmək olar. Əgər müdafiə olunduğunuzdan əmin olmaq istəyirsinizsə, ən yaxşısı, antitellərin ölçülməsidir. Ancaq bunu sərasər etməyə və antitel səviyyəsinin get-gedə aşağı düşdüyünü görüb qorxuya düşməyə ehtiyac yoxdur.

– Antitel səviyyəsi yüksək olduğu halda koronavirusa yoluxma hadisəsinin baş verdiyinə dair hər hansı bir nümunə varmı?

– Mənə belə hallar məlum deyil. Digər tərəfdən, Böyük Britaniya nümunəsinə qayıtmaq olar. Əgər bu ölkədə 65% insan peyvənd olunubsa, bununla belə, hər gün ən az 50 min nəfər koronavirusa yoluxursa, sözsüz ki, onların arasında vaksinasiya edilənlər də var. Ancaq mühüm olan fakt odur ki, bu qədər insandan gündəlik 150 nəfəri ölür. Deməli, peyvənd yoluxmadan qorumursa belə, xəstəliyin ağır formasından, qospitalizasiyadan, süni tənəffüs aparatına qoşulmaqdan və ölümdən mühafizə edir.

– Əgər peyvənddən sonra insanın hərarəti qalxırsa, boğazı ağrıyırsa, özünü zəif hiss edirsə, bu, koronavirusun yüngül forması deməkdir?

– Məncə, hə. Bu pisdir, ancaq dəhşətli deyil. Fikrimcə, çoxumuz 38, 39 dərəcəlik hərarətlə qarşlaşmışıq və bundan sonra heç də ölməmişik. Sağalıb yolumuz davam etmişik. Bu tamamilə normal haldır.

– Bir insan neçə dəfə koronavirusa yoluxa bilər?

– Bu yeni epidemiyadır, cəmi il yarım yaşı var. Odur ki, insanın bu virusa neçə dəfə yoluxacağını indidən demək çətindir. Bununla belə, təkrar yoluxma ilə bağlı təsdiqini tapmış hallar çox-çox azdır. Hazırda insanların əksəriyyəti cəmi bir dəfə bu virusa yoluxur.

– Koronavirusun dərmanını yaratmaq mümkündürmü, yoxsa xüsusi müalicəsi yoxdur?

– Hazırda heç bir xüsusi müalicə metodu yoxdur. Prinsip etibarı ilə viruslu xəstəliklərin hamısı çox çətin müalicə olunur, yalnız hepatitin bir növündən başqa. Viruslu xəstəliklərdə adətən, ya simptomların qarşısı alınır, ya da profilaktikadan istifadə olunur, yəni peyvənddən.

– Belə demək mümkünüdürmü ki, vaxt keçdikcə koronavirusa yoluxma azalacaq? Nə vaxtsa bu infeksiya yüngül mövsümi xəstəliklərdən birinə çevriləcək?

– Yəqin ki, bu, planetin bütün sakinləri ya peyvənd olunsalar, ya da xəstəliyə yoluxub sağalsalar, baş verə bilər. Ancaq ona kimi gedib çıxmaq lazımdır. Ya bütün insanların xəstələnməsinə imkan verməli (ancaq bunun üçün yüksək ölüm hallarına da hazır olmaq lazımdır), ya da insanları peyvəndləyib əksəriyyətin həyatını xilas etməliyik. Əlbəttə ki, virus heç yerə qeyb olmayacaq, bizimlə qalacaq.

– Pandemiya nə vaxt başa çatacaq, biz nə vaxt maskalardan və saysız-hesabsız məhdudiyyətlərdən qurtulacağıq?

– Yer üzündə 7 milyarda yaxın insan yaşayır. Rəsmi məlumatlara görə, indiyə kimi 200 milyondan çox yoluxma halı baş verib və 4 milyon nəfər ölüb. Bu günə kimi 4,5 milyard doza vaksindən istifadə olunub. Bu o deməkdir ki, 2 milyarda yaxın insan tamamilə vaksinasiya olunub və deməli, onlar artıq virusa qarşı davamlıdırlar. Ancaq hələ vaksin olunmamış 5 milyard insan var. Odur ki, iki ssenari mümkündür: ya hamı xəstələnənə kimi pandemiya təbii axarı ilə uzun müddət davam edəcək, ya da biz bu baş verənədək qalan adamları peyvəndləməyə imkan tapacağıq. Bu baş verəndə pandemiya indiki kimi ciddi amil olmayacaq. Ancaq bunun üçün insanları mümkün olduğu qədər tez peyvəndləmək lazımdır. Özü də söhbət bir ölkədən getmir, bu halda vaksinasiya işə yaramayacaq. Söhbət dünyadakı bütün əhalidən gedir. Hamı vaksinasiya olunmayana kimi daimi qaydada peyvənd vurdurmamış insanların anklavı ortaya çıxacaq. Çünki onlar virus və onun variantlarının daha çox cəmləşdiyi "rezervuar" rolunu oynayaraq peyvənd vurulanları qabiliyyətinə malikdirlər.

– Bəziləri uşaqların peyvənd olunmasına qarşı çıxırlar. Siz bu barədə nə fikirləşirsiniz? Hansı əhali qrupunu ilk növbədə vaksinasiyaya cəlb etmək lazımdır?

– Bu işi ağıllı-başlı görən ölkələrin təcrübəsi göstərir ki, ilk növbədə risk qrupunda olanları peyvəndləmək lazımdır. Bunlar isə tibb işçiləri və yaşlılardır. Sonra yaş senzini aşağı salmaq, bura tələbə və məktəbliləri daxil etmək olar. Vaksinasiyaya ehtiyacı olmayan yaş qrupununun müəyyənləşdirlməsinə gəlincə, bu, klinik sınaqların keçirilməsi ilə bağlıdır. Hazırda mövcud olan peyvənd preparatlarının əksəriyyəti 12 yaşdan aşağı uşaqlar üçün əks-göstəriş sayılır.

Həmçinin oxuyun:

Əsas mövzular