Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Azərbaycan sığortaçıları arasında mühüm sənəd imzalanıb

© Joe Raedle / Getty Images / AFPМужчина ставит подпись на документе, фото из архива
Мужчина ставит подпись на документе, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yurgens ölkəmizdə işgüzar səfərdədir. Sığorta sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanları da geniş müzakirə edilib.

BAKI, 16 iyul — Sputnik. Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yurgens Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəvəti ilə ölkəmizdə işgüzar səfərdədir.
ASA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində İ.Yurgens ilə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında baş tutan görüşdə sığorta sektoru ilə bağlı mühüm məsələlər müzakirə edilib.
Daha sonra rusiyalı sığortaçı ilə Azərbaycan Sığortaçılar Assosiasiyasında görüş keçirilib. Görüşdə ASA-nın müşahidə şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev iştirak ediblər. Ölkəmizin sığorta sektorunda son illər qeydə alınan inkişaf göstəricilərinə toxunan görüş iştirakçıları sığorta sektorunun davamlı və dayanıqlı maliyyə sisteminin formalaşmasındakı əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Görüş çərçivəsində sığorta sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Əvvəlcədən əldə edilmiş razılığa əsasən, Ümumrusiya Sığortaçılar Birliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında memorandum imzalanıb.

Memorandumda qeyd olunan şərtlərə görə, iki qurum növbəti mərhələdə sığorta, maliyyə-kredit əməliyyatları və vergiqoyma sahəsində tətbiq edilən qanunvericilik və hüquqi-normativ aktlarla bağlı məlumat mübadiləsi, peşəkar kadrların hazırlanması, tədris proqramları və metodiki materialların mübadiləsi, habelə sığorta biznesi ilə əlaqədar işgüzar görüşlər, konfranslar və seminarların təşkil olunması, eyni zamanda, sığorta və təkrar sığorta prosesləri ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə konsultasiyaların təşkil olunması və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təcrübənin öyrənilməsi və sığorta sahəsində yeni dünya trendlərinin ölkəmizdə tətbiqi məqsədilə ötən ilin dekabr ayında Türkiyə Sığorta Birliyi ilə də memorandum imzalamışdı.
Onu da bildirək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sektorunun inkişafı üçün hazırladığı strategiyanın icrasını intensiv rejimdə davam etdirməkdədir. Sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir. Bu məqsədlə beynəlxalq qurumlarla və digər ölkələrin müvafiq sahədə tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.
Hazırda Mərkəzi Bank ilə Dünya Bankı, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olan qabaqcıl ölkələrin nəzarət və tənzimləyici qurumları, habelə Türkiyə Sığortaçılıq İnstitutu Vəqfi arasında bir sıra mövzularda texniki yardım və qarşılıqlı təcrübə mübadilələri həyata keçirilməkdədir. Texniki yardım və təcrübə mübadilələri sığorta sektorunda risk əsaslı tənzimləmə və nəzarət, kadr potensialının genişləndirilməsi, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının qorunması və digər istiqamətləri əhatə edir.

Xəbər lenti
0