BAKI, 26 may — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden iyunun 16-da Cenevrədə görüşəcəklər. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Məlumatı Ağ Ev də təsdiqləyib.
Görüşdə müzakirə ediləcək mövzular arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, strateji sabitlik və beynəlxalq gündəm, o cümlədən, COVID-19 pandemiyasına qarşı mübarizə və regional münaqişələrin həlli var.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, təfərrüatlar hələ razılaşdırılmayıb.
Siyasi İnformasiyalar Mərkəzinin baş direktoru Aleksey Muxin Sputnik radiosunun efirində bildirib ki, müzakirə mövzuları ikitərəfli münasibətlərin vəziyyətinə əsasən müəyyənləşdiriləcək.
"İndi iki ölkə arasında kəskin qarşıdurma var. Bu, aydındır. Əgər dost və ya düşmən olduğumuz bəlli olmasaydı, o zaman bu görüş qarşılıqlı münasibətlərin qurulma ehtimalına çox təsir göstərərdi. Ancaq indi müəyyənlik var: biz düşmən ölkələrik. Bunu Rusiya istəməyib, biz fakt qarşısında qalmışıq. Buna görə də, Rusiya və ABŞ prezidentlərinin indi müzakirə edə biləcəyi məsələ qlobal təhlükəsizlikdir, çünki bu, hamıya aiddir. Prezidentlər bununla yanaşı nəyi müzakirə edə bilərlər? Qlobal dəyişiklikləri, özü də yalnız iqlimlə bağlı deyil, həm də beynəlxalq münasibətlərlə əlaqədar", – deyə Muxin qeyd edib.
Bununla belə, politoloq vurğulayıb ki, görüş iki ölkənin qarşılıqlı münasibətlərində yeni dövrün başlanğıcı ola bilər.
Əslində, əgər obrazlı ifadə etsək, yeni Yalta konfransına hazırlıqdan söhbət gedir. İndi bu danışıqları başa çatdırmaq prosesindən çox uzağıq. Hərçənd, sürpriz də ola bilər: danışıqlar prosesi elə tez və operativ keçə bilər ki, biz nəticəni indi gözlədiyimizdən də tez görərik. Lakin! Artıq hamıya aydındır ki, ABŞ "Rusiya yüksək statusa sahib beynəlxalq oyunçu deyil" şəklindəki fikrini başqalarına aşılasa da, indi bunun əksini etiraf etmək məcburiyyətindədir. Görüş faktının özü də bundan xəbər verir", – deyə politoloq qeyd edib.
Aprelin 13-də ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Vaşinqtonun ABŞ-ın milli maraqlarına uyğun olaraq Moskva ilə "sabit və proqnozlaşdırıla bilən münasibətlər" qurmaq istədiyini bildirmişdi. Ağ Evin rəhbəri Rusiya prezidenti ilə görüşün yayın əvvəlində baş tutacağına ümid etdiyini də ifadə etmişdi.
Eləcə də oxuyun:
* Cozef Bayden Azərbaycan Prezidentini təbrik edib
* İndi də Bayden Kim Çen Inla görüşmək istəyir
* Lavrov və Blinkenin ilk görüşü – təfərrüat