BAKI, 19 may — Sputnik. Rusiya Dövlət Duması Açıq Səma Müqaviləsinin denonsasiyası haqqında qanun layihəsini qəbul edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, parlamentarilər qərarı yekdilliklə qəbul ediblər.
Federasiya Şurasının da sənədi elə həmin gün təsdiq edəcəyi planlaşdırılırdı. Lakin qurumun iclasının, ehtimal ki, yayın əvvəlinə qədər təxirə salındığı məlum olub.
Qeyd edək ki, Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və "soyuq müharibə"dən sonra Avropada sülhə inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verir.
Ötən ilin mayında ABŞ bu sazişdən çıxma proseduruna başlayıb və proses noyabrın 22-də başa çatıb.
Rəsmi Moskva isə bu ilin yanvarında sözügedən müqavilədən çıxdığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Vaşinqtonun hərəkətləri digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozur.
Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Ryabkovu məsələnin Fedaral Məclisdə müzakirəsində rəsmi nümayəndəsi təyin edib. Rusiya XİN dəfələrlə bu sahədə güzəştə getməyəcəyini bəyan edib.