BAKI, 2 aprel — Sputnik. Rusiya vaksini koronavirusun bütün məlum variantlarına qarşı effektivdir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin bildirib.
"Mütəxəssislərlə söhbətimdən belə başa düşdüm ki, o, (Rusiya vaksini) bu virusun bütün variantlarına qarşı effektivdir", - deyə Putin Rusiya Birbaşa İnvestisiyalar Fondunun İcraçı direktoru Kirill Dmitriyevlə görüşü zamanı bildirib.
Putin eyni zamanda qeyd edib ki, Rusiyada istehsal olunan test-sistemlər koronavirusun bütün mutasiyalarını müəyyənləşdirir.
Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.
Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V"-nin yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.
Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.
Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.
Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.