12:49 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2220

Yeni S-500 "Prometey" zenit-raket sisteminin sınaqları yekunlaşır və bu sınaqlar zamanı raket rekord məsafədə – 553 kilometrdə hədəfə dəyib.

BAKI, 18 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Yeni S-500 "Prometey" zenit raket sisteminin yaradılması Rusiyaya qarşı əvvəllər misli görülməmiş xarici təhdidlərdən irəli gəlir.

Ötən həftə Rusiyanın hava hücumundan müdafiə vasitələri Rusiya Federasiyası sərhədlərində kəşfiyyat aparan xarici ölkələrin 46 təyyarə və pilotsuz uçuş aparatını aşkarlayıb və müşayiət edib. Bu barədə "Krasnaya Zvezda" qəzeti Rusiyanın Müdafiə Nazirliyinin məlumatlarına istinadən xəbər verib. Ölkənin hava məkanının pozulmasına yol verilməyib, lakin bu cür "qonaqların" sayı durmadan artır. Beləliklə, Pentaqon "proqnozlaşdırılmayan zərbə" strategiyasını, taktikasını və texnoloji alqoritmlərini işləyib hazırlayır. Rusiya isə reaksiya verməyə və ehtimal olunan təcavüzkarın uçuş aparatlarına qarşı daha effektiv nəzarət vasitələri yaratmağa məcburdur.

Yeni S-500 "Prometey" zenit raket sisteminin sınaqları yekunlaşır və bu sınaqlar zamanı raket rekord məsafədə – 553 kilometrdə hədəfə dəyib. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, sistemin qoşunlara tədarükü 2020-ci ildə başlayacaq. Yəni tezliklə S-500 hava hücumundan müdafiə sistemi döyüş növbətçiliyinə başlayacaq.

Bir qədər əvvəl Rusiyanın Aerokosmik Qüvvələrinin Baş komandanı Sergey Surovikin deyib: "S-500 zenit raket sisteminin xüsusiyyətləri aerodinamik və ballistik hədəflərlə yanaşı, bütün modifikasiyalarda olan hipersəs silahlarını – o cümlədən yaxın kosmosda – məhv etməyə imkan verir".

"Prometey" sisteminin Yer səthindən yüzlərlə kilometr aralıda olan hədəfləri vurmaq qabiliyyəti haqqında "Almaz-Antey" konserninin Baş konstruktoru Pavel Sozinov da danışıb.

S-500 "Prometey" unikal kompleksi yeni nəsil "yer-hava" sistemlərinə aiddir və bütün hava - ballistik, aerodinamik, hipersəs - hədəflərini hazırda mümkün olan və perspektiv sürətlərdə məhv etməyə qadirdir. Lazım gələrsə, "Prometey" F-35 qırıcısını "4 saniyədə" vura bilər (və düşmənin Yerin orbitindəki peyk qruplaşmalarını "toza çevirə" bilər).

Dünyada effektivliyinə görə S-500-ün analoqları yoxdur və yaxın onillikdə olmayacaq.

Dəniz üfüqləri

"Prometey" kompleksi S-400 "Triumf" sisteminə kömək edəcək və Rusiya Federasiyasının hava hücumundan və raketdən vahid müdafiə sisteminin əsası olacaq. Bu o deməkdir ki, potensial düşmənin görünən və görünməyən kəşfiyyat və zərbə vasitələri Rusiya Federasiyasının sərhədlərindən 600 kilometr məsafədə hədəfdə olacaq.

Ola bilsin ki, "Prometey" regiondakı "tərəfdaşların" kəşfiyyat və zərbə aviasiyasının gündəlik fəallığını azaldacaq və Pentaqonun Avropadakı yeni bazalarını yararsız edəcək.

Amerikanın "The National Interest" jurnalı "Prometey"in sınaqlarını həyəcanla müşahidə edir və bildirir: "Bu yeni nəsil silah Moskvanın onsuz da güclü olan S-400 sistemini tamamlamaq üçün nəzərdə tutulub. S-500 yüksəkdən uçan hədəfləri olduqca böyük məsafələrdə misilsiz vurma imkanlarına malikdir və stels texnologiyası ilə yaradılmış təyyarələrlə mübarizə apara bilir".

Bu, doğrudan da Pentaqon üçün xoşagəlməz bir "kəşfdir" – 600 kilometrlik vurma məsafəsi, hər bir kompleks 10 hədəfi eyni anda vura bilir ("Prometey" həm də daha uzağı görür).

"Prometey" sırf müdafiə üçün, xarici təcavüz halında Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin operativ şəkildə yerləşdirilməsini müdafiə ilə təmin etmək üçün və effektiv şəkildə "sülhə məcbur etmək" üçün yaradılıb.

Kosmik yüksəkliklər

Hərbi strategiyalar və münaqişələr texnoloji cəhətdən daha da mürəkkəbləşir, Yerin orbitinə bir çox kəşfiyyat və naviqasiya sistemləri çıxarılır. Amerikanın Kosmik Qüvvələri "dost olmayan dövlətlərin" peyk qruplaşmalarının "neytrallaşdırılması" missiyalarını, həmçinin hücum əməliyyatlarını planlaşdırır. Pentaqon kosmosda əməliyyatları xüsusi bir döyüş sahəsi kimi görür və buna görə də gec və ya tez öz zərbə vasitələrini (kinetik, lazer, elektromaqnit) yerətrafı orbitdə çıxaracaq. Birləşmiş Ştatlar çoxdandır ki, kosmik hücum vasitələrini işləyib hazırlayır və onları Rusiya Federasiyasına qarşı tətbiq edə bilər.

Hollivudsayağı "ulduz müharibələri" Rusiyaya tamamilə lazım deyil. Orbital təhdidləri tez bir zamanda aradan qaldırmağa imkan verəcək yerüstü "Prometey" şəbəkəsi istənilən "kosmik donanmadan" daha optimal və effektiv görünür. Bir daha xatırladım ki, Baş konstruktor Pavel Sozinov S-500-lərin hədəfləri yerdən yüzlərlə kilometr məsafədə məhv etmək qabiliyyətini açıqlayıb. "Prometey" sistemi bütün mövcud hava-kosmik hücum vasitələri və hələ kəşf edilməmiş vasitələrlə mübarizə aparmaq üçün yaradılıb.

S-500 texnologiyaları hərbi işdə yeni üfüqlər açır, yaxın kosmosa və qlobal geosiyasətə birbaşa təsir göstərir. Bununla yanaşı, Rusiyada və postsovet məkanında heç kəs inteqrasiya olunmuş, dərindən eşelonlanmış hava hücumundan və raketdən müdafiə sistemindən imtina etməyəcək. S-500, S-400 və S-300 sistemləri Rusiya hava məkanını müxtəlif təhlükələrdən səmərəli şəkildə qoruyacaq.

Və sonda.

S-500 sisteminin imkanları S-400 sisteminin taktiki texniki xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə üstündür. Burada heç Amerikanın "Patriot Advanced Capability – 3" (PAC-3) kompleksi haqqında danışmaram. Bununla yanaşı, Misirin "Sasapost" nəşrinin məlumatına görə, Rusiyanın ən yeni sisteminin qiyməti təxminən 500 milyon dollar ola bilər, "Patriot" 1 milyard dollara satılır, THAAD sistemi isə 3 milyard dollara başa gəlir.

"Prometey" beynəlxalq silah bazarının da "yüksək orbitlərində" uğurlu olmağı vəd edir.

Əlaqədar

Termonüvə “Tülpan”ı – dünyanın ən güclü minomyotu
F-35-in modernləşdirilməsi itirilmiş reputasiyanın nəticəsi kimi
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
NATO-ya “sevgilərlə” - “İskəndər”ə matros köynəyi geyindirirlər
"Xəzər canavarı"nın dirçəlişi: olmaq, ya da olmamaq

Əsas mövzular