19:22 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
7010

İstənilən halda müasirləşdirilmiş MiQ-31BM qırıcısı bu gün də dünyanın ən inkişaf etmiş ölkələri üçün əlçatmaz texnoloji zirvədir.

BAKI, 16 iyul — Sputnik, Aleksandr Xrolenko. Beşinci nəsil döyüş təyyarələrinin yaranmasına baxmayaraq, Rusiyanın dördüncü nəsil MiQ-31 ağır qırıcısı hələ də dünyanın ən güclü döyüş təyyarəsi hesab olunur. Bu təyyarə 2,83 Maxa qədər sürətdə və 20 kilometrdən çox yüksəklikdə raketlərdən istifadə edə bilir. MiQ-31 xarici mütəxəssisləri çox maraqlandırır, çünki onun analoqu yoxdur.

MiQ-31 qırıcılarının işi kifayət qədərdir – Qərb ölkələri hər həftə kəşfiyyat aparır və Rusiyanın hava sərhədlərinin möhkəmliyini yoxlayır. Belə ki, iyulun 14-də Barents və Qara dəniz akvatoriyaları üzərində Rusiya Federasiyasının dövlət sərhədi istiqamətində uçan hava hədəfləri aşkar edilib. Obyektlərin müəyyənləşdirilməsi və qarşısının kəsilməsi üçün döyüş təyyarələri havaya qaldırılıb. Rusiya qırıcılarının müşayiəti ilə Norveç Hərbi Hava Qüvvələrinin P-3C "Orion" (Barents dənizi üzərində), ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 və MQ-9A "Reaper", ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A "Poseidon" (Qara dəniz üzərində) kəşfiyyat təyyarələri istiqamətlərini dəyişməyə məcbur olublar.

MiQ-31 uzun müddətdir ki, etibarlı şəkildə Rusiyanın qütbarxası sərhədlərini də müdafiə edir və iki ildən artıqdır ki, Qara dəniz regionunda döyüş növbətçiliyini həyata keçirir.

İyulun 11-də ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsi Yapon dənizinin neytral suları üzərində Rusiya dövlət sərhədinə yaxınlaşıb. MiQ-31 və Su-35 təyyarələrindən effektiv tandem Rusiya Federasiyasının sərhədlərinin pozulmasına icazə verməyib.

Amerikalı mütəxəssislər MiQ-31 təyyarəsini Rusiya Aerokosmik Qüvvələrinin "ən yaxşı ovçusu" adlandırır və onun döyüş imkanlarını diqqətlə təhlil edirlər. "Military Watch" jurnalının analitikləri Rusiyanın MiQ-31 təyyarəsinin dünyada ən ağır və ən sürətli müasir qırıcı olduğunu etiraf edirlər. Lakin, bəlkə də bu ən əsası deyil.

Böyük üstünlük

Qərbin ixtisaslaşmış nəşrləri mütəmadi olaraq "Foxhunter" (NATO-da MiQ-31-i belə adlandırırlar) haqqında icmallar dərc edir. "Military Watch" jurnalı qeyd edir ki, dünyada heç bir qırıcı ən sürətli düşməni, eləcə də ballistik və qanadlı raketləri, kosmik aparatları operativ şəkildə ələ keçirə və məhv edə bilməz. Hipersəs raketləri olan MiQ-lər isə bir neçə dəqiqə ərzində aerodromdan qalxa və aviadaşıyıcılara, hərbi obyektlərə, düşmənin komanda məntəqələrinə zərbələr endirə bilər.

MiQ-31BM fazalı antennası olan radar ilə təchiz olunub və aşağı, orta və yuxarı yüksəkliklərdə hədəfləri aşkar edir. Təyyarə avtomatik olaraq 10-a qədər hədəfi müşayiət edir və onlardan dördünü-altısını prioritet olaraq seçərək 200 km-ə və ya hətta 300 km-ə qədər məsafədə R-33 və R-37 raketlərinin köməyilə məhv edir. Məsələn, MiQ-31M və MiQ-31BM altı ədəd R-33S raketini daşıya bilir. Bu, altı hədəfin eyni zamanda vurulması deməkdir.

"Military Watch" jurnalının məlumatına görə, MiQ-31 üçün işlənib hazırlanmış R-37 "hava-hava" raketi 400 km məsafədə təyyarələri, hava komanda məntəqələrini və tankerləri vurmağa qadirdir. MiQ-31-in arsenalında həmçinin idarə olunan orta və kiçik mənzilli raketlər, modernləşdirilmiş X-31 "hava-səth" radiolokasiya əleyhinə raketlər var ki, yerüstü və suüstü obyektlərə 250 km-dək məsafədə dağıdıcı zərbələr vura bilər. "Kinjal" hipersəs raketi bütün mövcud və perspektivli hava hücumundan müdafiə sistemlərini dəf edə bilir və 2000 km-ə qədər məsafədə hədəfi vurur.

Təsadüfi deyil ki, ABŞ MiQ-31 qırıcılarını son dərəcə təhlükəli hesab edir.

Amerikanın hərbi hava qüvvələrinin Qazaxıstan Respublikasının da sərhədlərində ehtiyatlı davranmalı olduğunu düşünmək məntiqlidir. "Military Watch" nəşrinin məlumatına görə, Qazaxıstanın hərbi hava qüvvələrinin 32 ədəd MiQ-31 qırıcısı var ki, onlar Su-27 və Su-30SM qırıcıları ilə yanaşı döyüş aviasiyasının əsasını təşkil edir. Qazaxıstan MiQ-31-lərinin bir hissəsi MiQ-31BM səviyyəsinə qədər təkmilləşdirilib və R-77 raketləri ilə təchiz edilib.

Qeyd edək ki, bütün bu super imkanları ilə MiQ-31 qırıcısının ixrac variantının dəyəri 2000-ci illərin əvvəllərində təxminən 35 milyon dollar idi. Bu, nisbətən ucuzdur. Güman edirəm ki, bu təyyarə beynəlxalq silah bazarında böyük müvəffəqiyyət qazana bilərdi, lakin Rusiya MiQ-31-i hər müttəfiqə və ya tərəfdaşa etibar etmir.

"MiQ"ə çata bilmərsən

İstismar müddəti ərzində qırıcının konstruksiyası dəfələrlə modernləşdirilib, düzəldilib, müasir avadanlıqlar və daha güclü silahlar inteqrasiya edilib. Nəticədə MiQ-31BM-in effektivliyi MiQ-31-lə müqayisədə iki dəfədən çox artıb. SSRİ dövründə də MiQ-31-dən formalaşmış aviasiya alayı hava hücumundan müdafiənin "xüsusi təyinatlısı" sayılırdı.

Britaniyanın "Air Forces Monthly" jurnalının məlumatına görə, modernləşdirilmədən sonra radarın yeni rejimləri və yeni raketlərin tətbiqi hesabına MiQ-31-in effektivliyi xeyli artıb. Yeni prosessorlu modernləşdirilmiş "Zaslon-AM" atəşi idarəetmə sistemi köhnə "Arqon-15A" sistemini əvəz edib. Yenilənmiş radarın "qırıcı" tipli hədəfləri aşkarlama məsafəsi 130 milə (209 km) çatıb, 24 hava hədəfini müşayiət etmək imkanı təmin edilib.

İstənilən halda müasirləşdirilmiş MiQ-31BM qırıcısı bu gün də dünyanın ən inkişaf etmiş ölkələri üçün əlçatmaz texnoloji zirvədir. Məsələn, Pentaqon və "Boeing" iyulun 14-də müasirləşdirilmiş F-15EX qırıcılarının istehsalı üçün müqavilə imzalayıblar. Onun bəyan edilən sürəti 3 Maxdır, döyüş yükü isə 3,2 tona qədərdir. F-15EX uzunluğu 7 metrə qədər olan hipersəs raketləri buraxa bilir (raketlər hələ yoxdur). Lakin MiQ-31BM-in maksimal sürəti artıq faktiki olaraq 3 Maxdır.

Amerikalılar keçən əsrin sonlarına aid Rusiya texnologiyalarına "çatmağa" çalışırlar. Bununla yanaşı, Rusiyada perspektivli MiQ-41 qırıcısı yaradılır və o, MiQ-31 qırıcısının layiqli davamçısı olacaq.

Əsas mövzular