BAKI, 27 noyabr - Sputnik. Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.
“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.
Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib.