QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam etdirilir

Abunə olmaq
Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir - Müdafiə Nazirliyi

BAKI, 28 sentyabr — Sputnik. Bölmələrimiz torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı keçirir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir", - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0