BAKI, 7 iyul — Sputnik. "Ölkəmizdə elə ağaclar var ki, onlar 1982-ci il 16 mart tarixli 167 saylı qərar ilə mühafizə olunan təbiət abidələri siyahısına daxil edilib. İşğaldan azad edilmiş ərazilərdə 152 ədəd belə ağac mövcud olmuşdur". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Əliyev Ağdam rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sözügedən ağacların siyahısına Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləri daxildir. "Bu ağacların 1400-1600 yaşı var. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə mövcud olan 152 ağacdan Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonlarında monitorinq keçirilən ərazilərdə 139 belə ağacın mövcud olduğu yerə baxış keçirilmiş və məlum olmuşdur ki, bu ağaclardan 123-ü artıq məhv edilib. Həmin ağaclar yandırılıb, kəsilərək məhv edilib. Artıq həmin ağaclar yerində yoxdur. Yaşı min illərlə ölçülən bu ağacların diametri 6 metrə qədər, hündürlüyü isə 40-50 metrə qədər idi".
Müsahibimiz bildirib ki, təkcə Ağdam rayonunun ərazisində 85 belə qədim ağac mövcud olub. "Monitorinq zamanı məlum olub ki, artıq həmin ağacların 82-si kəsilib, məhv edilib. Hazırda yanında dayandığımız bu Şərq çinarı da həmin təbiət abidələrindən biridir. Bu, həmin təbiət abidəsinin bir budağıdır. Digər budaqlar artıq kəsilib".
Qeyd edək ki, hazırda bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən monitorinqlər davam etdirilir.
İşğaldan azad olunmuş ərazilərdəki ekoloji terror
İşğaldan azad edilmiş ərazilərdə fauna və floraya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlanılıb.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları 30 il işğalda olduğu müddətdə fauna və floraya ciddi ziyan dəyib: "Hətta işğal dövründə "Qırmızı kitab"a düşmüş növlərə də ciddi ziyan dəyib. Çoxillik ağaclar yandırılıb, kökləri məhv edilib, heyvanların yaşayış yeri olan meşələrə qarşı ekoloji terror törədilib. Hazırda bu məsələlər araşdırılır".
İşğaldan azad olunmuş Kəlbəcər rayonunda keçirilən monitorinqlər, aparılan müşahidələr olduqca acınacaqlı vizual mənzərələrlə yadda qalıb. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin əməkdaşlarının Qarabağ bölgəsində keçirdikləri monitorinqlər barədə açıqlamasında bildirib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi və bərpa planlarının dəqiqləşdirilməsi məqsədilə keçirilən monitorinqlər çərçivəsində ərazilərimizin ekoloji vandalizmə məruz qaldığı bir daha təsdiqlənib: "İlkin müşahidələr göstərir ki, Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub".
Nazir müavininin sözlərinə görə, ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır: "Bölgədə ekoloji monitorinqlər davam etdirilir, ətraf mühitə, meşə fonduna, təbii sərvətlərə dəymiş ziyanın hesablanması, qiymətləndirilməsi aparılır və nəticələr barədə müvafiq qurumlara hesabatlar təqdim olunacaq".