BAKI, 4 iyun — Sputnik. Bu gün Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb. Baş vermiş hadisə media ictimaiyyətini dərindən sarsıdıb. KİV nümayəndələri həlak olan həmkarlarımızla bağlı "Facebook" sosial şəbəkəsindəki hesablarında kədərlərini bölüşür, onlara Allahdan rəhmət diləyirlər.
Sputnik Azərbaycan-ın əməkdaşı Zülfiyyə Quluyeva faciəvi şəkildə həyatlarını itirən Sirac Abışov və Məhərrəm İbrahimovla bağlı KİV nümayəndələrinin xatirələrini öyrənib.
İnanmaq çətindir
Öncə Sirac Abışovun işlədiyi AzTV-nin redaksiyasına zəng edirik. Redaksiyada dəstəyi qaldıran şəxsin kədəri onun səsindən sezilir. "Siracla bağlı bu redaksiyada danışmağa hər kəsin sözü var" deyib dəstəyi onunla uzun illər gecə növbəsində işləmiş Elşad Mətləboğluna verirlər. Elşad Mətləboğlu hadisənin şokundan hələ çıxmadığını, Sirac barədə danışmağın onun üçün çətin olduğunu söyləsə də, özündə danışmaq üçün güc tapır:
"Mən Siracla düz 5 il birgə gecə növbəsində işləmişəm. Sirac çox pozitiv insan idi. Heç vaxt heç nədən şikayət etməzdi. Onunla ən son görüşüm Horadiz postunda oldu. Yadımdadır ki, keçən ayın 17-də postda rastlaşdıq. Öpüşüb-görüşdük. Həmişəki kimi pozitiv idi. Siracın ölüm xəbəri məni dərindən sarsıtdığı üçün onun haqqında danışmaq mənə sözlə ifadə edilməyəcək qədər ağırdır. Biz onunla gecə növbəsində kriminal hadisələri çəkirdik. Gecə işləmək çətin olsa da, Sirac o qədər pozitiv insan idi ki, işin ağırlığını adam unudurdu. Mənə həmişə deyərdi ki, "Bəsirət gözün açıq olsun". Sirac bütün redaksiyanın yaddaşında unudulmaz iz qoyaraq getdi...".
AzTV-nin əməkdaşı Ülviyyə Heydərova da hadisədən sarsıldığını, hələ də özünə gələ bilmədiyini söyləyir. Deyir ki, dünən Siracın sosial şəbəkədə Kəlbəcərin İsti suyundan paylaşdığı şəkilinə baxıb sevindiyi halda, bu gün onun yoxluğuna üzüləcəyini təsəvvürünə belə gətirə bilmir: "Sirac təkcə Kəlbəcəri yox, doğulduğu Qubadlının Dondarlı kəndini də gördü. Siracla çəkilişlərdə çox olmuşam. O, ən qabiliyyətli operatorlardan idi. Siracın operatorlar arasında öz yeri vardı. Onunla çəkilişə gedən heç bir jurnalist ondan narazı qala bilməzdi. Ötən il ata olmuşdu. Ailəsinə və dostlarına səbir diləyirəm. Bizim üçün Siracı itirmək çox ağırdır".
Ülviyyə Heydərovanın Məhərrəm İbrahimovla bağlı da xatirələri var. Ü.Heydərova deyir ki, Məhərrəm onun qrup yoldaşı olub:
"Məhərrəm qrupumuzda ən vəfalı tələbələrdən idi. Qrup yoldaşlarını bir yerə yığmaq istəyirdi. Məhərrəmlə üç həftə əvvəl görüşmüşdüm. Ona bərk-bərk tapşırdım ki, özünü qoru, özündən muğayat ol! Həmişəki kimi güldü, heç bir narahatçılığa əsas olmadığını söylədi, getdi. Bu gedişin əbədi ayrılıq olacağı ağlıma belə gəlməzdi".
Bu, son olsun!
AZƏRTAC-ın Ordu və hüquq xəbərləri redaksiyasına da hüzn çöküb. Dəstəyi qaldıran redaksiyanın müdiri Elvin Mövsümov "sanki ən doğmamı itirmişəm" deyir. E.Mövsümovun sözlərinə görə, Məhərrəm İbrahimov AZƏRTAC-da 2004-cü ildən işə başlayıb:
"Məhərrəm tək mənim üçün yox, AZƏRTAC-da hamı üçün əziz insan olub. Onun mehribanlığı, diqqətcilliyi Məhərrəmi doğma edib bizlərə... Məhərrəm hər bir adamın probleminin həllinə çalışırdı. Davranışında diqqətli, işində də çox məsuliyyətli idi. O, 44 günlük müharibədə cəbhə bölgəsində AZƏRTAC-ın müxbiri olaraq fəaliyyət göstərdi. Müharibədən sonra da işğaldan azad olunmuş torpaqlarımızda öz müxbir fəaliyyətini davam etdirdi. Məhərrəmlə axırıncı dəfə iki ay əvvəl görüşmüşəm. Novruz bayramında Bakıya gəlmişdi. Ora qayıtdıqdan sonra da gündə dörd-beş dəfə əlaqə saxlayırdıq. İşinin ağırlığından qəti şikayət etməzdi. Baxmayaraq ki, Bakıda ailəsini, 5-7 yaşlarında iki oğul övladını qoymuşdu. Bu da onun məsuliyyətindən irəli gəlirdi. Hərdən ondan işinin ağır olub-olmadığını soruşurdum. Deyirdi ki, "Bu torpaqlarda işləmək şərəfdir. Bu torpaqların hər qarışı uğrunda həlak olan uşaqlar var. Biz onların qəhrəmanlığının yanında nə iş görürük ki?"
E.Mövsümov deyir ki, ən son söhbətində Məhərrəm ona Bakıya gələndə dənizə getmək istədiyini söyləyib: "Deyirdi ki, qardaş, inşallah, Bakıya gəlim, dənizə gedərik".
E.Mövsümov bildirir ki, hadisə zamanı AZƏRTAC-ın fotomüxbiri Rəşad Mehdiyev də minaya düşərək yaralanıb, vəziyyəti ağırdır.
Jurnalist Fatima Hüseynova da Siracla bağlı sosial şəbəkədə xatirələrini paylaşıb: "Sirac Abışov ilə televiziyada bir yerdə işləmişik, o qədər ədəbli, ağır təbiətli adam idi ki. Yeni ailə qurmuşdu, körpə uşağı vardı... 44 günlük müharibənin dəhşətini təsəvvür etmək üçün sadəcə itkinin sayını günlərə bölmək kifayətdir. Amma təəssüf ki, bitmir, ard-arda itkilər davam edir, bizim də lənətimiz erməni kimi qonşumuzun olmasıdır. Allah həyatını itirən həmkarlarımıza rəhmət eləsin, bu, son olsun...".
Jurnalist Zeynəb Əliyeva isə tələbə vaxtında, AZƏRTAC-da istehsalat təcrübəsində olduğu zaman tanıyıb Məhərrəm İbrahimovu: "Bizi AZƏRTAC-a istehsalat təcrübəsinə göndərmişdilər. Bizimlə xoş davranan, nələrsə öyrətməyə çalışan bir nəfər vardı, o da Məhərrəm İbrahimov idi. Uzun müddət əlaqəm olmayan qrup yoldaşım onun vəfat xəbərini görən kimi məni yığdı. Eyni hissləri bölüşdük. Yaxşı insanların ölümü hansı şəraitdə, hansı yaşda olsa, üzücüdür", - deyə Z.Əliyeva yazıb.
Jurnalist İlkin Nəcəfzadə isə deyir ki, Sirac onun həm yerlisi, həmçinin də yaxın dostu olub: "Sözlərlə ifadə ediləsi deyil. Çox ağır itkidir mənim üçün. Rayonumuzla bağlı planlarımız var idi. O, Qubadlı işğaldan azad ediləndə çox sevinmişdi. Bu şad xəbəri də ona birinci mən vermişdim. Vətən müharibəsi bitdikdən sonra Qarabağda gedib çəkiliş aparmağa can atırdı. Xüsusən də Qubadlıya... Ehtiyatlı olmasını da demişdim, amma “Qarabağda ölmək şərəfdir” deyə cavablandırmışdı... Yenə də, imkan düşdükcə xəbər alırdım.
Siracla ilk tanışlığımız 2009-cu ildən olmuşdu. Operator olmasına baxmayaraq, jurnalistin dilini bilirdi. Tədbirlərdə daha hansı sinxron lazım olmasını deməyə ehtiyac yox idi. Səbirli və təmkinli idi. Heç zaman ehtiyatsız davranmazdı. Bu gün onun üçün son olmadı, o, əbədiyyətə qovuşdu. İnanıram ki, o, rahatdır. Çünki Qarabağda gözünü yumdu. Azərbaycan mediası daha iki dəyərli insanını itirdi. Həm Sirac, həmçinin də Məhərrəm şəhidlik zirvəsinə ucaldılar. Allahdan hər iki dostuma rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verirəm... Təki Vətən sağ olsun! Onların da qisası alınacaq...".
Bəlkə, görüşdük...
Birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı Sevgili Rəsulova AzTV-nin operatoru Sirac Abışovun ölümünü eşitdikdə evdə qala bilməyib, telekanalın binasına gəlib. O, Abışovla Füzulidə tanış olub və o vaxtdan onunla əlaqəni kəsməyib. Sonuncu dəfə Rəsulova Abışovu ötən il noyabrın 4-də Hadrutda görüb.
“Uşaq kimi sevinirdi Azərbaycanın öz torpaqlarını qaytarmasına. Mən bir çox KİV nümayəndələri ilə həmsöhbət olmuşam, amma Sirac başqa idi. Hamıdan fərqlənirdi. Onu bir də görməyəcəyimə inanmağım gəlmir”, - Rəsulova deyir.
Operator Vüqar Quliyev Abışovla birlikdə on ildən çox işləyib. Sirac onun təkcə həmkarı deyil, dostu-qardaşı olub.
“Çoxlu gözəl günlərimiz olub. Sirac öz istəyilə Vətən müharibəsini və işğaldan azad olunmuş torpaqları çəkməyə getdi. Sonuncu dəfə Ramazan bayramında görüşdük. O gəlib salamlaşdı, sonra da halallıq istədi: “Nəsə günahım olubsa, keçin”, - dedi. Onu itirdiyimizə çox təəssüflənirik”, - Quliyev bildirir.
Həlak olan jurnalistlərə son borc
Həlak olan jurnalistlərin tək həmkarları, dostları deyil, eləcə də heç onları şəxsən tanımayan şəhər sakinləri də AzTV və AZƏRTAC-ın binaları yaxınlığında təşkil olunmuş memoriala gələrək xatirələrini yad edib, şəkilləri önünə gül-çiçək düzüblər.
Qeyd edək ki, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) istər hərbi əməliyyatların gedişi zamanı, istərsə də atəşkəs dövründə münaqişə bölgəsində xidməti vəzifələrini yerinə yetiriblər.
Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən hələ də imtina edir
Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edir. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb. Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən hələ də imtina edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.
Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".
"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S.Lavrov demişdi.
Həmçinin oxuyun:
* Jurnalistlərin avtomobili minaya düşdü - üç nəfər həlak olub, dörd nəfər yaralanıb - VİDEO
* Mətbuat Şurası jurnalistlərin ölümü ilə bağlı müraciət ünvanlayacaq
* Baş prokurordan Kəlbəcərdə minaya düşənlərlə bağlı beynəlxalq təşkilatlara müraciət