23:42 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
QARABAĞ
Qısa URL
1053210

"Bir dəfə general gəlib dedi ki, üzbəüz döyüşə gedirik. Heç kim qorxmadı, hamı qəhrəmancasına döyüşə atıldı. Döyüşdə 17 şəhidimiz oldu. Dağın bir başı bizdə idi, digər başı isə ermənilərdə" - keçmiş döyüşçünün xatirələri.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Müharibə ən çox da acı xatirələrlə yadda qalır. Elə son günlər Ermənistanla sərhəddə hər hansı gərginliyin olduğu barədə xəbərlər eşidiləndə də, insanların acı xatirələri yenidən dinir. Ermənistanla müharibə cəmi 44 gün çəkmişdi. Amma müharibə xatirələrini anlatmaq üçün yəqin ki, heç 44 il də yetməyəcək. Döyüşçü Səyyad Mədətov Sputnik Azərbaycan-la özünün müharibə xatirələrini bölüşüb.  

1996-cı ildə doğulan Səyyad Mədətov elə müharibə başlayan gündən irəli atılıb, əsasən Qubadlı və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Onu ən çox təsirləndirən isə döyüş yoldaşlarının, qardaşlarının yanındaca şəhid olması idi:

"Məni ən çox dostlarımın şəhid olması təsirləndirirdi. Özüm də üç dəfə başımdan travma almışam. Aldığım travmalarla əlaqədar məndə yaddaşsızlıq yarandı. Komandirim, polkovnik-leytenant Orucov Naib yanımda şəhid oldu. Həmin zaman yanımıza minaatan mərmisi düşdü. Onun dalğası məni vurdu. Mənim üçün ən təsirli anlar o anlar idi. Komandirimiz bizi övladı kimi çox istəyirdi. Təsəvvür edin övladları ilə danışanda onlar deyirdi ki, "ata, gəl də, darıxmışıq". O deyirdi ki, "siz üç nəfərsiz, amma burada mənim 300 övladım var, onları qoyub hara qayıdım?!".
© Courtesy of Medetov Sayyad
Səyyad Mədətov

O, özünü dərk edəndən torpaqlarımızın işğalda olması ilə barışmayıb. Həm aprel döyüşlərində, həm də II Qarabağ Müharibəsində Cəsur döyüşçü olaraq özünü odun-alovun içinə atıb. Hərbi xidmət dövrü aprel döyüşlərinə təsadüf edən döyüşçü Lələtəpə istiqamətində olan döyüşlərdə də iştirak edib:

"Son döyüşlərdə üstünlük bizdə idi, onlar postların çoxunu qoyub qaçırdılar, bizi görəndə "Yaşma gəldi" deyərək qışqırıb qaçırdılar".

O bizə xatirələrində dərin iz buraxan dağ döyüşlərindən də danışır: "Dağın bir tərəfi Ermənistan, bir tərəfi də Azərbaycan idi. Biz o dağda döyüşmüşdük. Elə ən gərgin döyüşlərimiz də orada oldu".

Səyyad bir döyüş epizodunu sanki savaş filmdə rol alıbmış kimi danışır:  

"Bir bölük 3 tağımdan ibarət olur. Tağımlar da ayrı-ayrı istiqamətlərdə ola bilər. Olur ki, bəzən digər tağımın əsgərlərini tanımırsan. Bir dəfə general gəlib dedi ki, üzbəüz döyüşə gedirik. Heç kim qorxmadı, hamı qəhrəmancasına döyüşə atıldı. Döyüşdə 17 şəhidimiz oldu. Dağın bir başı bizdə idi, digər başı isə ermənilərdə idi. Ermənilər istəmirdi ki, zirvəni ələ keçirək, buna görə düşmən də ən çox qüvvəsini ora yığmışdı. O dağa çıxanda bir bölük ayrıldı. İkinci tağımdan 15 nəfər posta göndərildi. Həmin post da erməni kəndinə bitişik idi. Həmin o posta rahat gedib çıxa bilirdik, amma daimi qala bilmirdik.

Bizim baş leytenant Emil Qurbanov öz dəstəsi ilə ora getdi, bir saat sonra onlarla əlaqə saxlaya bildik, hər şeyin yaxşı olduğunu öyrəndik. Artıq bir gün keçmişdi, gecə idi, onlarla əlaqə qura bilmədik. Digər taborun tağım komandiri də alınan postda idi, həmin dağda. Baş leytenant mənə dedi ki, gedək rabitə daşı aparaq. Meşənin içi ilə getdik, dağda sakitlik idi. Artıq meşənin sonuna gəlmişdik. Leytenant meşədən çıxmağa qoymadı, dedi o biri uşaqları da çağır gör kim hay verir.

Tərlan deyə çağıranda gördüm biri hay verdi, dedim təpənin arxa tərəfindən bir nəfər düşsün, rabitə daşı gətirmişəm. Ermənilər həmin ərazidə mina qurmuşdular. Mənə dedilər ki, bizim rabitəmiz yoxdur. Dedim necə ola bilər, sizinlə əlaqə saxlamışıq. Bələdçimiz şəhidləri və rabitəni götürmüşdü. Beləcə, kömək götürmək üçün geriyə qayıtdıq. Onlara da tapşırdıq ki, lap çarəsiz qalsalar, bizim tərəfə 4 güllə atsınlar. Bölük komandirindən xəbərsiz 3 əsgər götürdüm ki, görüm vəziyyət necədir".

© Sputnik / Zulfiyya Guluyeva
Səyyad Mədətov

Meşənin qurtaracağında, təpənin yaxınlığından səs eşidilir, onlar Azərbaycan dilində danışırlar:

"Səs bizdən 25-30 metr uzaqda idi, bizim dildə danışırlar. Əsgər yoldaşlarım dedi ki, Azərbaycan dilində danışırlar, gedək, bizimkilərdir. Dedim, gözləyin. Heç 30 saniyə keçmədi ki, onlar erməni dilində danışmağa başladılar. Onlar təpəyə çıxmaq istəyirdilər, qızğın atışma gedirdi. Düşmən təpəyə çıxmaq istəyəndə qışqırdım ki, Tərlan çıxırlar. Onu demişdim elə, düşmən Tərlangil olan istiqamətə deyil, biz tərəfə yönəldi, bizi atəşə tutmağa başladılar. O qədər atəşə tutmuşdular ki, başımızı qaldıra bilmirdik.

Uzandıq yerə, dedik yavaş-yavaş aşağıya gedən dəstə gətirək. Bizdən də aşağıda olan kəşfiyyat qrupumuzun köməyə göndərilməsi barədə qərar verildi. Onlar kəşfiyyatçı qrup idi. Səhər 4 idi, kəşfiyyat qrupunun komandirinə yaxınlaşdım dedim ki, sizlə getmək istəyirəm. Təpəyə çatanda gördük ki, düşmən orda oturub. Düşməni oradan qovduq, postu ələ keçirdik. Orada 11 nəfər şəhidimiz olmuşdu, 4 nəfər xilas olmuşdu. Atəşkəs elan olunanda o dağda idik.

Təpə uğrunda gedən döyüşdə kombatımız (tabor komandiri) Nail Orucov şəhid oldu. Şəhidləri təpədən aşağı düşürdəndə bizi minaatanla vurdular. Bu dəfə də 14 şəhidimiz oldu, 4 nəfər sağ qaldı. Bizdən əlavə çıxan qrupdan isə 4-5 nəfər sağ qaldı. O dağı öz əsgərlərimizə təhvil verib geri dönəndə çox təsirləndim. Kombatımız şəhid olanda onu qucaqlayıb ağlayırdım. Komandirimiz də gəlib məni qucaqlayıb ağlayırdı".
© Courtesy of Medetov Sayyad
Səyyad Mədətov

"Həmin təpədə bölük komandirimizi, tağım komandirimizi, nə qədər əsgərlərimizi itirdik, nə qədər itkilərimiz oldu. Oradakı səngərdən 3 yoldaşımı çıxartmışam. Təsəvvür edin, atəş açılırdı, səngərin qumu-tozu gözümüzə dolurdu", - deyə o əlavə edir.

Səyyad Mədətov ölkə başçısı tərəfindən Qubadlı və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirakına görə iki medalla fərqlənərək təltif olunub.

Əsas mövzular