10:22 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
QARABAĞ
Qısa URL
76810

Xocavənd rayonunun Tuğ kəndində bir məktəb binası var. Yaşı 135-dir. Bir əsrlik təhsilimizin tarixi keçmişinə 30 illik fasilədən sonra elə sizinlə birgə səyahət edəcəyik.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Tuğ vaxtilə respublikada ən tanınmış, ən abad kəndlərdən biri olub. Kəndə Bakıdan, Hadrutdan, Xankəndidən və Füzulidən gündəlik avtobus marşrutu işləyib. İndi o abadlıqdan nəinki əsər-əlamət qalmayıb, hətta ermənilər burdakı qədim binaları da darmadağın edib. Tuğ kəndindən olan yol yoldaşımız Ramiz Göyüşov deyir ki, o 1957-ci ildə Tuğ kəndində dünyaya göz açıb. Uşaqlığı, gəncliyi bu kənddə keçib. Bildirir ki, axırıncı dəfə 30 il əvvəl olub bu kənddə: “Bu gün 30 ildən sonra kəndimizə gəlmişik. Həm sevinirəm, həm də burada gördüklərimdən kədərlənirəm. İlk olaraq anadan olduğum evimizə getdim. Ev dağılıb, həyəti kol-kos basıb, ağaclar qırılıb. Sonra kənd qəbiristanlığını ziyarət etdim. Qəbirüstü abidələr məhv edilib. Qardaşımı, dayımı və nənəmi özüm dəfn etdiyim üçün qəbirlərinin yerini bilirdim. Məzarlarından heç bir işarə belə qalmayıb".

© Sputnik / Emin Alisahib
Ramiz Göyüşov

Tuğ kəndinin mərkəzində bir bina var ki, yaşı 135 olsa da, görənlərin diqqətini indi də özünə çəkir. Baxmayaraq ki, təkcə divarları qalıb. “Həmin təhsil ocağının məzunlarından biri də mənəm” deyir həmsöhbətimiz. Söhbətimiz bizi 30 illik ayrılığın lap əvvəlinə aparır: “Gördüyünüz bu dağıdılmış məktəbdə 10 il təhsil almışam. Bu bina inşa olunanada məktəb üçün nəzərdə tutulmayıb. Bura Tuğ kənd mülkədarları, bəyləri olan Mehti və Səlim bəylərin imarətidir. Sovet hakimiyyəti qurulandan sonra mülkədarların əlindən mülklər alınaraq, məktəb üçün ayrılıb. 1977-ci ilə kimi bura məktəb olub”.

Bələdçimiz sonralar kəndin aşağı tərəfində müasir tipli məktəb binası tikildiyinə görə bu binanın boş qaldığını da əlavə edir.  “1975-1978-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Tuğ kəndində müasir tipli yeni məktəb binası inşa edildi. Lakin bununla yanaşı 1991-ci ildə kənd ermənilər tərəfindən işğal ediləndə köhnə məktəb binası da salamat qalmışdı. Hətta 1990-cı ildə Bakıdan tələbə-inşaat dəstəsi gələrək məktəbin dam örtüyünü də dəyişmişdi. Ermənilər kəndi işğal edəndən sonra məktəbin binasını yandırıb yararsız vəziyyətə salıblar”.

© Sputnik / Emin Alisahib
Xocavənd rayon Tuğ kəndi

64 yaşlı müsahibimiz deyir ki, 1885-ci ildə Azərbaycanın görkəmli şairi Mir Mehdi Xəzani tərəfindən əsası qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi ziyalılar müəllimlik ediblər. Fəaliyyət göstərdiyi illər ərzində Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş edib: “Bu kəndə gələndə baxmayaraq ki, bu məktəb dağılmış vəziyyətdədir, qayıtdığımıza görə çox sevindim. Mənə çox xoş oldu. Xoş oldu ki, gəldim doğulduğum, böyüyüb, boya-başa çatdığım və təhsil aldığım məktəbi ziyarət edə bildim. Buranı belə dağıntılar altında görəndə mənə çox pis təsir elədi. Həddən artıq sarsılmışam. Axı burda mənim məktəb xatirələrim yatır...”

  • Xocavənd rayonun Tuğ kəndi
    © Sputnik / Emin Alisahib
  • Xocavənd rayonun Tuğ kəndi
    © Sputnik / Emin Alisahib
  • Xocavənd rayonun Tuğ kəndi
    © Sputnik / Emin Alisahib
  • Xocavənd rayonun Tuğ kəndi
    © Sputnik / Emin Alisahib
1 / 4
© Sputnik / Emin Alisahib
Xocavənd rayonun Tuğ kəndi

Çox maraqlıdır ki ermənilər viran qoyduğu bu yerdə işğal müddətində festivallar keçirməkdən də çəkinməyiblər: “Gördüyünüz bu yerdə ermənilər şərab festivalı keçirirdilər. Qondarma rejimin rəhbərliyi ilə birlikdə bu yerdə 2 dəfə şərab festivalı keçirilib. Biz onu internetdən izləyirdik və bizə çox pis təsir edirdi. Ancaq Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz torpaqlarımızı erməni işğalından tamamilə azad etdi  və bu gün nə xoş bizə ki, doğma ata – baba yurdumuzu gəlib ziyarət elədik və arzumuza çatdıq”.

© Sputnik / Emin Alisahib
Xocavənd rayon Tuğ kəndi

Artıq Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına və bu torpaqlarda yeni layihələrə start verib. “Əminik ki, tezliklə Qarabağın bütün yaşayış məntəqələrində, o cümlədən qədim Tuğ kəndində həyat yenidən qayıdacaq və Tuğ məktəbi keçmiş şöhrətini bərpa edəcək”, deyir həmsöhbətimiz: “Dövlət başçımız ailə üzvləri ilə birgə Tuğ kəndini ziyarət etdi. Bu, Tuğ kənd camaatına çox xoş təsir bağışladı. Prezidentimiz hər bir kəndə, hər bir yaşayış məntəqəsinə belə xoş münasibət bəsləyir. İnşaallah Tuğ abadlaşar, camaatımız qayıdar, biz də qayıdıb, məskunlaşarıq kəndimizdə”.

O gün uzaqda deyil. Artıq Qarabağda bir sıra layihələrin inşaasına başlanılıb. 30 ilə yaxın işğalda qalan, dağıdılan, viran qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Respubilkasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək. Respubilkanın müxtəlif bölgələrində məskunlaşan Qarabağın yerli sakinləri öz yurd-yuvalarına qayıdacaq.

Əsas mövzular