22:29 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
16410

"Şəhadətə könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı imanlı, vətənpərvər ruhda böyüdəcək həyat yoldaşım var. Məshəti, Allaha əmanət ol!"

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. İkinci Qarabağ müharibəsində minlərlə Azərbaycan oğlu böyük qəhrəmanlıqlar göstərdi. Şəhadətə ucalanlar arasında Lənkəran rayonu Boladi kənd sakini, xüsusi təyinatlıların mayoru Aqşin İbadov da var. Şəhidin atası Nazim İbadov Sputnik Azərbaycan-ın bölgə müxbirinə oğlunun ürək nahiyəsindən aldığı qəlpə yarasından şəhid olduğunu və oğlu ilə qürur duyduğunu vurğulayıb.

“Dörd oğlum var, böyük oğlum Emil İbadov Birinci Qarabağ savaşında iştirak edib. İkinci oğlum Cəmil İbadov hazırda orduda xidmət edir, gizirdir, üçüncü oğlum Məmmədhüseyn İbadov ordunun polkovnik-leytenantıdır və sonuncu oğlum Aqşin İbadov da xüsusi təyinatlı mayor idi. Mənim dörd oğlumdan dördü də ölkəmizin ərazi bütovlüyü və suverenliyi uğrunda döyüşüb", - ata deyir.

© Sputnik / Rahim Murad
Aqşin İbadovun ailə üzvləri

Aqşin 1984-cü ildə doğulub. "On bir yaşına kimi tez-tez xəstələnərdi, biz onu zülmlə böyütmüşdük. Tarixi romanlara həvəsi böyük idi və intellektual səviyyəsi çox yüksək idi. Oğlanlarımın dördü də orta məktəbi əla oxuyublar, amma Aqşin xüsusilə fərqlənirdi. Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra yüksək balla Ali Hərbi Məktəbə daxil oldu. Ali Hərbi Məktəbi də əla qiymətlərlə bitirib zabit fəaliyyətinə başladı. Hər bir zabitin arzu etdiyi medallarla təltif olunub. Aqşin şəhid general mayor Polad Həşimovu özünə kumir seçmişdi. O, şəhid generalımız haqda “Belə gözəl insan az-az dünyaya gəlir”, - deyərdi. Aqşin yüksək balla Türkiyədə hərbi magistr pilləsində təhsil alıb. Aqşin burada olanda nə vaxt zəng vururdumsa, harada olduğunu soruşanda həmişə Axundov adına kitabxanada hərbçilər zalında olduğunu deyərdi. “Komandir gərək əsgərin həm atası, həm anası, həm qardaşı, həm də bacısı olsun. Əsgərə qayğı göstərsin və həm də tələb eləsin!” - deyə həmişə vurğulayardı".

© Sputnik / Rahim Murad
Aqşin İbadov

Ata danışır ki, Aqşinin bir zabit yoldaşı var, Lənkəran şəhərindən, o hər zaman Aqşini hər kəsə nümunə olaraq göstərib. Aqşin sentyabrın sonlarında döyüşə yollanıb. Əvvəlcə onu üç gün Komanda İdarəetmə Mərkəzində saxlayırlar. Ona təkidlə döyüşə getməməyi deyirlər, çünki Aqşin Hərbi Topoqrafiyanı mükəmməl bilirdi. Öz təkidi ilə 50 nəfərdən ibarət kəşfiyyat qrupunun başında Füzuli istiqamətində döyüşlərə gedir və döyüşür. Ardınca isə Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edir və orada qəhrəmancasına şəhadətə ucalır.

"Onun yaralı olan döyüş yoldaşları bizə zəng edib Aqşinin şəklini onlara göndərməyimizi istədilər. “Biz onun igidliyi sayəsində sağ qalmışıq. Ömrümüzü ona borcluyuq, onun şəklini verin, böyüdüb evimizdə asaq" dedilər".
  • Şəhid Aqşin İbadovun ailə üzvləri
    © Sputnik / Rahim Murad
  • Şəhid Aqşin İbadovun diplomu
    © Sputnik / Rahim Murad
  • Şəhid Aqşin İbadovun ailə üzvləri
    © Sputnik / Rahim Murad
  • Şəhid Aqşin İbadovun şəkli
    © Sputnik / Rahim Murad
1 / 4
© Sputnik / Rahim Murad
Şəhid Aqşin İbadovun ailə üzvləri

Şəhidin böyük qardaşı Emil İbadov Aqşinin hərbiyə olan həvəsindən danışıb: "Mən 1994-1997-ci illərdə xidmətdə olduğum zaman atəşkəs olan vaxtlarda məzuniyyətə gələrdim. Aqşinin 10-11 yaşları olardı və o, həmişə döyüşlərin necə getdiyi ilə maraqlanardı. Mən də həmin illərdə xüsusi təyinatlılarda xidmət eləmişəm. Bəlkə də mənim xüsusi təyinatlı olmağım Aqşində hərbçi olmağa həvəs yaradıb. Bizim ailəmiz ziyalı ailəsidir, evimizdə “Koroğlu dastanı”nın bir neçə nəşri olub. Aqşin 8 dəfə həmin dastanı oxuyub. Atam hər dəfə kitabı əlindən alıb dərs oxumasını tələb edərdi, amma Aqşin “Koroğlu dastanı”nın başqa bir nəşrini tapıb oxuyardı. Yəni bu insanda vətənpərvərlik hissini ifadə etmək üçün sözlər yetməz. Aqşin bizim sonbeşik qardaşımız olub, onun itkisi bizim üçün çox ağırdır. Amma döyüş yoldaşları onun haqda çox yüksək fikirdə olduqlarını deyirlər və mən bununla fəxr edirəm”.

© Sputnik / Rahim Murad
Aqşin İbadovun vəsiqə və medalları

Aqşin İbadovun həyat yoldaşı Məshəti İbadova onu yola salanda kövrəldiyini dedi: 

“Aqşin sentyabrın 30-da cəbhəyə yola düşdü. Amma evdən çıxmazdan əvvəl hazırlıqlar görəndə qızı ilə görüşdü. Mən onların yanına gəldim ki, ata-bala nə danışırlar? Qızı ilə tək danışmaq istədiyi üçün məni otaqdan çıxardı. Həmin vaxt qızımız 14 günlük idi. Qapıda mənimlə sağollaşanda mən kövrəldim, pis oldum. Çünki həmin vaxtadək heç kimi cəbhəyə yola salmamışdım. Orada mənə “ağlama, ya qayıdaram, ya da şəhid olaram” dedi. Hər gün səhər 06:00-da zəng vurub əlaqə saxlayırdı. Zəng vura bilməyəndə də mesaj yazıb yaxşı olduğunu və evdəkilərə də narahat olmamalarını deməyimi tapşırardı. Son 3 gündə danışa bilmədik. Oktyabrın 19-da sübh vaxtı zəng edib danışdıq. “Axşam bir daha zəng vuraram”, - dedi. Oktyabrın 19-u saat 16 radələrində şəhid oldu”.

Şəhidin xanımı deyir ki, mayor Aqşin İbadovun Belçikada yaşayan türkiyəli yaxın dostu var. O, bir neçə gün öncə çox gözəl bir təşəbbüsə imza atıb: “O, Afrikada Aqşinin adına su olmayan yerdə bulaq və dəstəmazxana inşa etdirib. Açılış vaxtı oranın girişində hər kəsə Qurani-Kərim bağışlanılıb. Amma həmin dostu adının çəkilməsini istəmir. Mən Aqşinlə həmişə fəxr etmişəm, bu təşəbbüsü eşidəndə də qürur duydum. O, hər şeyi həmişə telefonuna qeyd edirdi, şəhid olandan sonra telefonu tapılanda qeydlər bölməsinə baxdım. Qeydlərin sonunda “Şəhadətə könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı imanlı, vətənpərvər ruhda böyüdəcək həyat yoldaşım var. Məshəti, Allaha əmanət ol!” sözləri yazılmışdı”.

Teqlər:
dost, bulaq, Afrika, xatirə, Lənkəran, şəhid

Əsas mövzular