05:40 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
62 0 0

Qarabağ münaqişəsinin nizamlanması həm də o baxımdan bənzərsiz oldu ki, Qərb bütün iştirakçılar tərəfindən bu prosesdən kənarlaşdırıldı.

BAKI, 24 noyabr — Sputnik, İrina Alksnis. Fransanın xarici işlər naziri ölkəsinin Dağlıq Qarabağa kömək məqsədilə təşkil etdiyi humanitar missiyanın detallarını açıqlayıb: söhbət regiona cərrahların və tibbi avadanlıqların göndərilməsindən gedir. ABŞ isə Beynəlxalq Qızıl Xaç Komitəsi və münaqişənin yenidən kəskinləşməsi nəticəsində zərər çəkən insanlara yardım göstərən digər qeyri-hökumət təşkilatlarına beş milyon dollar ayırmaqla öz işini bitmiş hesab elədi.

Parisin və Vaşinqtonun Qarabağ münaqişəsinə yanaşmasındakı entuziazm çatışmazlığı (həm sözdə, həm də əməldə) Sergey Lavrovun bu ölkələrin "təhqir edilmiş qürur" nümayiş etdirmələri haqqındakı sözlərini təsdiqləyir. Çox güman ki, Azərbaycan Prezidenti İlham Əliyev də ironik şəkildə "ABŞ və Fransa gec də olsa, əldə olunmuş razılaşmaya müsbət münasibət bildirdilər" deyəndə elə bunu nəzərdə tuturdu.

Rəsmi Ankara isə ənənəyə uyğun olaraq, söz seçimində bir o qədər də ehtiyatlı davranmadı. Türkiyə Prezidentinin mətbuat katibi bəyan etdi ki, NATO və Avropa Şurasının timsalında Qərb otuz ildir ki, Qarabağ münaqişəsi ilə bağlı "konkret və real təkliflər" irəli sürə bilmədiyi halda, Rusiya və Türkiyə "qarşılıqlı anlaşmaya" nail oldular.

Mətbuat isə dərhal Dağlıq Qarabağla bağlı razılaşmanın Qərb üçün ağrılı məğlubiyyət olmasından – xüsusilə də Rusiya ilə birlikdə münaqişənin sülh yolu ilə həllini axtaran ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa üçün – yazmağa başladı. Məsələn, "The National Interest" dərgisi yazır ki, Qərb bu dəfə lap fil qulağında yatıb. Həm hərbi əməliyyatların bir anda yenidən başlaması, həm də razılaşmanın imzalanmasıyla regiona rus sülhməramlılarının yerləşdirilməsi Qərb üçün çox gözlənilməz oldu. Jurnal bu məsələdə bütün günahı Amerika kəşfiyyatının üstünə yıxır. Məqalədə qeyd olunur ki, amerikan kəşfiyyatı Putin və Ərdoğanın danışıqlarından belə xəbər tuta bilməyib. Nəticədə də ABŞ-ın regiondakı mövqeyi bir xeyli zəifləyib.

Əgər "kəşfiyyatın işləmədiyi" etiraf olunursa, deməli, reallıqda vəziyyət daha acınacaqlıdır. Bəlkə də, həmin ifadə ABŞ-ın bu hekayədəki daha genişmiqyaslı uğursuzluğunu ört-basdır etməyə imkan verir. Çünki Qarabağ münaqişəsinin nizamlanması, konflikt lokal xarakter daşısa da, qlobal siyasi sistemin yaşadığı dəyişikliklərin prinsipial olaraq yeni mərhələsində mühüm rol oynayır.

Digər tərəfdən, ilk dəfə idi ki, ABŞ və Avropa bütün iştirakçı tərəflər üçün bir anda lazımsız və istənilməyən tərəfdaşa döndülər. Halbuki son üç onillik boyunca Qərb hegemoniyası, demək olar, həmişə və hər yerdə idi. Bütün vəziyyətlərdə, hər hansı bir qarşıdurmada - hətta müxtəlif ölkələrdəki daxili siyasətin əhəmiyyətli hissəsində - həmişə Qərbə dəstək üçün müraciət edən, onun köməyinə ümid bəsləyən, bu və ya digər şəkildə həmin köməyi əldə edən qüvvələr olub. 2014-cü ilin yazında Krımda baş verənləri buna misal göstərmək olar.

Ancaq Qarabağ münaqişəsinin nizamlanması həm də o baxımdan bənzərsiz oldu ki, Qərb bütün iştirakçılar tərəfindən bu prosesdən kənarlaşdırıldı. Halbuki danışıqlar prosesi heç də asan keçmədi və bu da iştirakçı tərəflərin rəsmi açıqlamalarında bəzən kifayət qədər sərt şəkildə öz əksini tapdı. Bununla belə, artıq bütün dünyada bərqərar olmuş ənənənin əksinə, tərəflər ABŞ və Avropanı bu prosesə cəlb etmək əvəzinə, hamısı bir ağızdan "özümüz öhdəsindən gələrik" dedilər. Və həqiqətən də öhdəsindən gəldilər.

Özü də Qərbi və dünyanın qalan hissəsini fakt qarşısında qoyaraq. Bununla da ABŞ-ın dünya sisteminə təsir göstərən xüsusi bir statusa sahib olması ilə bağlı iddialarına ağır zərbə vurdular. Təcrübə isə göstərir ki, ilk cəhdlərin, həm də bu qədər uğurlu cəhdlərin davamı mütləq gəlir.

Amerikanın baş verən hadisədə günahı öz kəşfiyyatının üstünə atmasında da təəccüblü heç nə yoxdur. Əlbəttə ki, bu, Dağlıq Qarabağ münaqişənin nizamlanmasının dünya siyasi sistemində fərqli bir tektonik dəyişiklik olduğunu, ABŞ və Qərbin sahib olduqları müstəsna statusdan məhrum edildiklərini ictimaiyyət qarşısında etiraf etməkdən daha asan və əlverişlidir.

Teqlər:
Qərb, münaqişə, Qarabağ, Azərbaycan

Əsas mövzular