22:29 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
46 0 0

Şuşa şəhərinin küçələrindən birinə Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olardı və xalq öz qəhrəmanını daim xatırlayardı".

BAKI, 18 noyabr - Sputnik. Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev özünün “Facebook” səhifəsində erməni işğalından azad olunmuş Şuşada tankçı, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Sputnik Azərbaycan xəbər verir ki, German Zaxaryayevin sözlərinə görə, qəhrəmanların şərəfinə küçələrin adlandırılması yüzilliklər bundan əvvəl yaranan ənənədir:

"Bu ənənə sayəsində xalqın qəhrəman oğul və qızlarının adları həmişə dillərdə olub, onların xatirəsi yaşayır, gənc nəslin nümayəndələri də onların adını çəkir. Bu gün biz bütün Azərbaycan xalqı ilə birgə onun qələbəsinə, əzəli torpaqlarının geri qaytarılmasına sevinirik. Lakin bununla belə, 30 ilə yaxın davam edən münaqişənin bütün tarixini unutmamalıyıq".

German Zaxaryayev qeyd edir ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın bütün sakinləri, o cümlədən yəhudilər Vətənin müdafiəsinə qalxdılar. STMEGİ fondunun rəhbəri yazır:

"Tankçı Albert Aqarunov Qarabağ xanlığının incisi, yalnız indi qanuni sahiblərinə qayıdan Şuşa yaxınlığında gedən döyüşlərdə həlak olub. Fikrimcə, bu şəhərin küçələrindən birinə Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olardı və xalq öz qəhrəmanını daim xatırlayardı".

Zaxaryayev belə bir təşəbbüslə Azərbaycanın rəhbərliyinə müraciət etmək niyyətini açıqlayıb və ümidvardır ki, bu təşəbbüs dəstəklənəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi igidliyə və şücaətə, dinc sakinlərin təhlükəsizliyinin təminatına görə Albert Aqarunova 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

O vaxt Albert Aqarunovun Milli Qəhrəman medalını Azərbaycan Prezidenti Heydər Əliyev Albertin bacısı Sofya Məmmədovaya təqdim edib.

Albert Aqarunovun məzunu olduğu Bakı şəhəri 154 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin binasının qarşısında qəhrəmanın büstü qoyulub. Məktəbdə açılan A.Aqarunov mini-memorialı önünə daim tər çiçəklər düzülür, büstü qarşısında məktəb tədbirləri keçirilir.

Quba rayonunda yerləşən Qırmızı qəsəbədə Albert Aqarunovun şərəfinə adlandırılan küçədəki binalardan birinin divarına Milli Qəhrəmanın xatirə lövhəsi vurulub. 2017-ci ildə Bakının Əmircan qəsəbəsində A.Aqarunovun vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub.

2019-cu il noyabrın 15-də Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin təntənəli açılış mərasimi olub.

Əsas mövzular