22:16 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
31610

"Bütövlükdə o bölgənin arxeoloji xəritəsinə baxsaq, ağ səhifələrdir. Demək olar ki, heç nə öyrənilməyib. Arxeoloji xəritələrdə ora boş zona kimi göstərilirdi. Bunun ən böyük günahkarı özümüzük"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Otuz ildir ki, oranı "yaralı yerimiz" adlandırırdıq. Bir gün o torpaqlara ayaq basacağımızı xəyal edirdik. Amma bu gün müzəffər Ordumuzun sayəsində həmin torpaqlara - Qarabağa getməyimizə çox az qalıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Çöl tədqiqatları sektorunun müdiri və Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev vaxtıykən həmin torpaqları qarış-qarış gəzib, araşdırmalar aparıb. 

© Sputnik / Shahperi Abbasova
Təvəkkül Əliyev

Alim bizim üçün müqəddəs sayılan torpaqların tarixi haqqında Sputnik Azərbaycan-a danışıb: "Oraların arxeoloji xəritəsini çəkmişəm. Sovet dönəmində və ondan əvvəl Azərbaycanda ən çox araşdırılan yer Qarabağ bölgəsi olub. Əcnəbi mütəxəssislər də burada olublar. Sovet dönəmində arxeoloji ekspedisiyanın adı "Mil-Qarabağ arxeoloji ekspedisiyası" adlanırdı".

Tarixçinin sözlərinə görə, həmin dövrün ən mənfi cəhətlərindən biri də o idi ki, onlar müdafiə etmək üçün başqa yerlərə getmək məcburiyyətində qalırdılar: "Mən özüm namizədlik dissertasiyamı müdafiə üçün Yerevana çox getmişdim. Orada imkan vermədilər, gedib Leninqradda (indiki Sankt-Peterburq - red.) müdafiə elədim. Mən gələndən sonra "Mil-Qarabağ arxeoloji ekspedisiyası" adlı 3-cü bir dəstə yaradıldı. Dəstənin qarşısına Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun ərazisini tədqiq etmək məqsədi qoyuldu. 1989-cu ilin yayında Cəbrayıla getdim. 2 ay orada işlədim. Sonradan Qarabağ müharibəsi getdikcə qızışdı. 1992-ci ilə qədər mən Zəngilanda, Qubadlıda, Laçında qısamüddətli səfərlərdə oldum".

"1992-ci ilin yayı idi. Zəngilanın bir kəndi var, Xəştab. Həmin kənddə də atışma gedirdi. Həmin vaxt səngərdən əşyalar tapılmışdı. O zaman bir könüllü döyüşçü teleqram vurmuşdu ki, belə əşyalar tapılıb. İnstitutun rəhbərliyi dedi ki, müharibə gedir, gedə biləcəksən? Dedim, gedəcəm. Döyüş bölgəsinə getdim. 2-3 gün qaldım. O materiallarla tanış oldum. Eradan əvvəlki dövrləri əhatə edən əşyaları gətirdim özümlə. Zəngilan azad olunanda düşünürdüm ki, artıq hədiyyəm hazırdır", - deyə arxeoloq əlavə etdi.

Tarixçi alim təəssüf hissi ilə qeyd edir ki, sözügedən bölgə lazımınca araşdırılmayıb: "O dövrdə Cəbrayılın Karxulu, Niftalı, Şıxlar və s. kəndlərində araşdırma apardıq. Ən qədim abidələr Dağ Tumas və Şıxlar kəndindədir. Orada Mazora məbədləri var, təəssüf ki, onlar öyrənilmədi. Bütövlükdə o bölgənin arxeoloji xəritəsinə baxsaq, ağ səhifələrdir. Demək olar ki, heç nə öyrənilməyib. Arxeoloji xəritələrdə ora boş zona kimi göstərilirdi. Bunun ən böyük günahkarı özümüzük. Təəssüf, oraya diqqət yetirməmişik. Nisbətən ötən əsrin 70-ci illərində Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər araşdırılıb. Bu da onunla bağlı idi ki, Xudafərin körpülərinin yaxınlığında 2 su qovşağı - "Xudafərin" və "Qız qalası" tikilməli idi. Həmin qovşağa görə, Zəngilanın və Qubadlının 12 kəndi suyun altında qalacaqdı. Ona görə də bizdə ekspedisiya yaradıldı ki, həmin ərazi tədqiq olunsun, öyrənilsin, mümkün olanlar köçürülsünlər. Alimlər də icazə verməli idilər ki, kənd artıq su altında qala bilər. Ondan sonra Zəngilan rayonunun yaxınlığındakı Şəhri-Şərifan adlı ərazidə işlədik. Çox sevinirəm ki, bu işləri görmüşük, amma təəssüf ki, arxeoloji qazıntı işlərinə digər rayonlarda davam edə bilmədik".

Arxeoloq əlavə edib ki, azad olunmuş torpaqlarımıza xeyli sayda ekspedisiya təşkil etmək lazımdır: "O ərazilər tədqiq olunmalıdır. Vaxtilə etdiyimiz günahları yumaq üçün bizə çox böyük bir şans verilib. Amma məni narahat edən məsələlərdən biri də budur ki, görəsən, o abidələr qalıbmı? Qalıbsa, indi onlar nə vəziyyətdədir? Mağaralar, Tunc dövrü abidələri o qədər də zərər görməz, bəlkə, orada yerləşən xeyli sayda türbələr, məbədlər, ziyarətgahlar var ki, onların durumu məni narahat edir".

"Hər şeyi bərpa etmək lazım olacaq - təbiəti də, şəhərləri də, kəndləri də. Amma abidələri qaytarmaq qeyri-mümkün olacaq", - deyir Təvəkkül müəllim.

"Cəbrayılda 40-a qədər ziyarətgah, məqbərələr, türbələr var. Çox şadam ki, mənim də müəllimim olan alim, tarixçi-epiqrafist Məşədixanım Nemət o dövrdə o bölgədəki məqbərələri tədqiq elədi. Onların tarixi haqqında 6 cildlik kitab dərc etdi. Biz bunu davam etdirməliyik".

Müsahibimiz politoloqlarımıza, siyasətçilərimizə müraciət etdi: "1921-ci ildə Qafqaz Bürosu qərar çıxartdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin. Sonra qərarı dəyişdilər ki, Azərbaycanın tərkibində saxlanılsın. O "saxlanılsın" sözünü biz həmişə vurğulamalıyıq. Bu, bizim xeyrimizə olan bir cümlədir. Hər bir siyasətçinin leksikonunda olsun ki, 1920-21-ci illərdə indiki Ermənistanın ərazisində yüz minlərlə azərbaycanlı yaşayırdı".

"Qarabağ - mədəniyyətimizin beşiyi": Qırmızı monastır>>

Həmsöhbətimiz başqa bir məqamı diqqətə çatdırdı. 1870-ci ildə Tiflisdə nəşr olunmuş təqvimdə Qafqaz ərazisində olan məscidlərin siyahısı verilibmiş: "Ən çox - 269 məscid ancaq İrəvan quberniyasında idi, yəni İrəvan ərazisində olub. O qədər məscid nə Yelizavetpol (indiki Gəncə), nə Tiflis, nə də Dərbənd quberniyasında var. O qədər məsciddən birini nümunə kimi saxlayıblar. Mənə də maraqlıdır, 1921-ci ildə Dağlıq Qarabağa muxtar vilayət statusu verilməsi məsələsi müzakirə olunanda niyə müzakirə olunmurdu ki, həmin Ermənistanın ərazisində - Zəngəzur bölgəsində, Göyçə gölünün ətrafında yüz minlərlə kompakt halda yaşayan azərbaycanlılar var idi. Bəs onlara niyə vilayət hüququ, muxtariyyət hüququ verilmədi? Amma həmişə deyirlər ki, guya ən çox güzəşt Azərbaycana edildi, bütün mübahisəli torpaqlar Azərbaycana verildi. Bəs necə oldu ki, orada yaşayan yüz minlərlə azərbaycanlının yaşadığı yerə muxtariyyət hüququ verilmədi? Bəs buna güzəşt demək olarmı? Əksinə, Azərbaycana qarşı yönəlmiş addımlar idi".

"Dağlıq Qarabağ muxtar vilayətini yaratmaqla bugünkü münaqişələrin kökünü yaratdılar" deyir tarixçi: "Onlara heç bir ehtiyac yox idi. 30 ildir bu qədər azərbaycanlının hüququ pozulur. Amma indi bütün dünya üstümüzə düşüb ki, orada yaşayan ermənilərin aqibəti necə olacaq? Prezident İlham Əliyev də çıxışında qeyd etdiyi kimi, onlar bizimlə yaşaya bilərlər, necə ki, Rusiyada, Gürcüstanda yaşayırlar. Həmin tərzdə də yaşaya bilərlər. Amma onlara hər-hansı bir muxtariyət hüququnun verilməsini gözləməsinlər. Qeyd etdiyim sənəddə azərbaycanlıların hüququnu qoruyan yoxdur axı. Orada muxtariyyətdən danışmırlar axı. Ermənilər bu barədə bir kəlmə danışırlar? Ancaq burada 80 min əhalinin hüququndan danışırlar".

Tarixçi Qarabağ tariximizdə olan problemləri ötən əsrdə milli kadrlarımızın olmaması ilə əlaqələndirir: "XX əsrin 30-cu illərindən başlayaraq ilk kadrlarımız meydana gəldi. Həmin tarixə qədər bizim milli kadrlarımız yox idi. 1993-cü ilə qədər bizdə Arxeologiya və Etnoqrafiya İnstitutu yox idi. Tarix İnstitutu var idi, onun nəzdində bir sektor kimi fəaliyyət göstərirdi. Baxmayaraq ki, həmin dövrdə qonşu ölkələrimizdə belə institutlar fəaliyyət göstərirdi. Bir faktı deyim, bizdə namizədlik dissertasiyasının müdafiəsi üçün düşürdük SSSR-nin respublikalarına. Məsələn, mən və mənim həmkarlarım Yerevanın qapılarını döyürdük ki, bizim işlərimiz orada müzakirə olunsun, müdafiəmiz təşkil olunsun, bizə alimlik dərəcəsi verilsin".

Təvəkkül müəllim vurğulayır ki, ermənilər bundan sui-istifadə edirdilər: "Mütləq orada hansısa erməninin adı yazılmalı idi. Mən getdim Leninqrada, müdafiəyə. Bədbəxtlikdən, orada da mənim opponentim erməni oldu. Həmin alim vaxtı ilə Mil düzündə, Qarabağda araşdırma aparıb. Sözsüz ki, onun araşdırması müəyyən qədər təsir edir. Cəfərqulu Rüstəmov, Qələndər Aslanov kimi alimlərimiz var idi, onlar dil baryerləri, maddi problemlərə görə müdafiə edə bilmədilər".

Arxeoloq alim bildirir ki, ermənilər dünyaya öz saxta tarixləri barədə car çəkməkdə davam edirlər: "Son 30 ildə ermənilərin yazmadığı, qazmadığı yer qalmadı. Azıxdan başlamış, Ağdam yaxınlığındakı Şahbulaq qalasının yaxınlığında özlərinin şəhərlərini axtarırlar. Hətta Pənahəli xanın nəvəsinin tikdirdiyi qalanın birinci mərtəbəsində muzey yaradıblar. Üzdəniraq "Arsax respublikasının" muzeyini yaradıblar. Oraya yollar çəkilib, turizm xəritələri çəkilib. Beynəlxalq səviyyəli alimləri dəvət edirlər ki, gəlib işləsinlər. Hamlet Petrosyanın başçılığı altında bu yay da alimlər orada qazıntı apardılar. Eləcə də Hadrut yaxınlığında Sos kəndi var, onun yaxınlığında qazıntı işləri aparıldı. Şuşa ətrafında mağara var, eyni zamanda onun ətrafında kurqanlar var. Orada qazıntılar apardılar. Dünyaya car çəkirdilər ki, ilk dəfə olaraq kurqanlar aşkar olundu. Halbuki 130 il qabaq Şuşa şəhərində müəllim işləyən Emil Resler bununla bağlı yazmışdı".

"Bir neçə il bundan əvvəl Laçın rayonu ərazisində təsadüfən açılmış qəbirdən 200 qrama qədər qızıl, əşyalar və s. tapmışdılar. Bunun üstündə bir-birini didirdilər. Qarabağdakı separatçılar iddia edirdilər ki, əşyalar onlara aiddir, Ermənistan deyirdi, "yox, mənə aiddir", onu tapan adam da tələb edirdi ki, "mən tapmışam, pulumu verin".

Qubadlının ətrafında xeyli abidə var. Amma ora da digərləri kimi araşdırılmayıb: "1944-cü ildə bir neçə günlük səfər olub, vəssalam. Bir də mən bir neçə günlük getmişəm. 1992-ci ilin yayında Xırmantəpədə oldum. Hətta onun bir tərəfindən oyuq açılmışdı, yol gedirdi dağın içəri tərəfinə. Mən oradakı camaata dedim ki, "inşallah, gələn il mən gələrəm, buranı araşdıraram". Hamı deyirdi ki, görəsən, bu nə yoldur, haraya gedir bu yol? Bura kurqandır, yoxsa yaşayış məskəni? Dedim, gələn il gəlib araşdırarıq. Həmin vaxt Qubadlıdan Laçına getdik. Laçına gedəndə bizə məlumat verildi ki, bəzi əşyalar tapılıb. Laçın yolunun üstündə Turşsu bulağı var. Mən orada o sudan doyunca içdim. Dedim, bilmirəm bəlkə, bir də bu sudan içə bilmədim. O suyun dadı damağımda qalıb. Laçına getdik, orada da müəyyən işlər gördük. Amma bu çox az idi, sistemli şəkildə olmalı idi".

Arxeoloqun fikrincə, bu gün qazanılan qələbə təkcə bizim qələbəmiz deyil. Bununla biz erməni irticasından zərər çəkən qonşularımızı da qorumuş olduq: "Əsgərlərimiz həm də onlar üçün vuruşurlar. Xüsusən də Gürcüstanı bu bəladan xilas etdi ordumuz. Eləcə də Türkiyəyə qarşı iddialarından əl çəkəcəklər".

"Hər bir xalqı yaşadan onun zəfər tarixidir. Biz uzun illər itirdiklərimizə görə utanc hissi ilə yaşayırdıq. Amma bu zəfər xalqımızın inkişafına təkan verəcək".

Müsahibimiz təklif edir ki, işğal olunmuş ərazilərdə 3 il ərzində bir daş belə yerindən tərpədilməsin: "Komissiyalar, müvafiq qurumlar işləsin, ANAMA o torpaqları təmizləsin. Üç il ərzində həmin bölgələrdə bərpa işləri aparılmasın. Xarici medianı cəlb etsinlər. Turlar təşkil olunsun həmin torpaqlara. XXI əsrin işğalının nəticəsini görsün bütün dünya. Dünya fotoqrafları, rejissorları bu torpaqlarda çəkilişlər etsinlər. Qoy bütün dünya onların vandalizminin əyani şahidi olsun. İnanın ki, Hollivuddan da rejissorlar gələrlər. Bütün dünya tanıyandan sonra təmir-bərpa işləri başlasın".

"Onların işi qazıb təhvil verməkdir" - Tariximizə sahib çıxmaq niyə belə çətindir>>

Tarixçinin daha bir təklifi isə işğal olunmuş hər bir rayonda müəyyən bir əraziyə toxunmamaq, həmin hissəni muzey kimi gələcək nəsillər üçün saxlamaqdır: "Etiraf edək ki, biz unutqan xalqıq. Gələcək nəsillərin bunu unutmaması üçün bu addımı atmaq lazımdır. Biz tarixçilər, coğrafiyaşünaslar bu vaxta qədər istirahət etmişik. Artıq istirahətə son qoymaq, çirmələnib iş görmək lazımdır. Tarix bizə səhvlərimizi düzəltmək üçün böyük bir şans verib. Bu axına jurnalistlər, rejissorlar, rəssamlar, yazarlar və digərləri də qoşulmalıdırlar. Sabah gec olacaq. Sabah kimlərinsə xatirəsindən əsər yazmaq, film çəkmək lazım deyil".

T.Əliyev bildirdi ki, hazırda Nərgiztəpədə qazıntı işləri aparılır: "2013-cü ildə Xocəvənd rayonun İcra Hakimiyyəti məni dəvət elədi ki, Nərgiztəpə ilə tanış olum. Mən o təpəni gördüm, sanki bütün Qarabağı gəzdim. Çünki Xocavənd rayonunun bir məntəqəsi – Nərgiztəpə - bizim nəzarətimiz altında idi. Digər 99%-i ermənilərin nəzarəti altında idi. Bütün Xocavənd sakinlərinin qəlbində ora sanki bir məşəldir. Oraya gələndə rahatlıq tapırdılar. Xocavəndlə üzbəüz yanıb kül olmuş Muğanlı kəndi yerləşir. Çox ağırdır, üzbəüzdə doğma torpağı görəsən, amma oraya ayaq basa bilməyəsən".

Teqlər:
alim, Qubadlı, Zəngilan, Xocavənd, Laçın, Cəbrayıl, AMEA Arxeologiya institutu, arxeoloji tapıntı, arxeoloji qazıntı, arxeologiya, tarix, Qarabağ

Əsas mövzular