02:53 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
45310

Hikmət Hacıyev: "İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir"

BAKI, 16 fevral — Sputnik. "Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fevralın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI Qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı".

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova
© Sputnik / Mikhail Voskresenskiy

Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik", — o bildirib.

XİN sözçüsünün dediyinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir: "Azərbaycan prezidenti Yeni Azərbaycan Partiyasının VI Qurultayında Azərbaycanın tarixi torpaqlarının qaytarılması deyil, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi barədə danışıb. Dövlət başçısının çıxışı müxtəlif dillərdə, o cümlədən rus dilində tam tərcüməsi ilə kütləvi informasiya vasitələrində yayılıb".

"Tarixin müxtəlif mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub. Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir?" — H.Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, BMT başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub: "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır".

"Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir" — Hacıyev bildirib.

"Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri qarşısında çıxış edərək "böyük Ermənistan" xülyası naminə onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu dövlətə qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Bununla bərabər, ziddiyyətli "Armenian Highland" (Армя́нское наго́рье) mifik ideologiyası əsasında Ermənistanın bütün qonşularına qarşı ərazi iddiaları var. Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, konteksdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir" — deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məlum bəyanatının danışıqlar prosesinə təsiri ilə bağlı ona ünvanlanan suala belə cavab verib: "Həmin bəyanatda əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir. Ona görə də tərəflər razılığa gəlməlidir".

"Heç bir silahlı fəaliyyət münaqişənin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilməz" — deyə Zaxarova, Moskvanın aprel hadisələrindən keçən 6 ay müddətdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti və hərbi əməliyyatların bərpa olunması təhlükəsini necə qiymətləndirməsi ilə bağlı suala cavabında bildirib.

O, heç bir silahlı fəaliyyətin münaqişələrin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilmədiyini deyib: "Bu, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beynəlxalq münasibətlər və siyasi-diplomatik nizamlanma siyasətinin nəzəriyyə və praktikası prinsiplərinə də aiddir".

Xatırladaq ki, İlham Əliyev Yeni Azərbaycan Partiyasının altıncı qurultayında azərbaycanlıların İrəvana geri qayıtmalı olduğunu söyləmişdi: "Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".

"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı — bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq" — dövlət başçısı vurğulayıb.

Əlaqədar

Vəlizadə: “Azərbaycan-Rusiya münasibətləri regionda sabitliyi təmin edir”
Vəlizadə: “Azərbaycan Rusiya və NATO üçün neytral partnyordur”
Doroxin: “Rusiya cənub sərhədində stabil Azərbaycan görmək istəyir”
Teqlər:
Mariya Zaxarova, tarixi torpaqlar, İrəvan, Ermənistan, Dağlıq Qarabağ, Hikmət Hacıyev, XİN, Yeni Azərbaycan Partiyasının VI Qurultayı, İlham Əliyev, prezident, Azərbaycan Respublikası, Xarici İşlər Nazirliyi, Rusiya

Əsas mövzular