15:49 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
3389 0 0

Millət vəkili: "Nə qədər yarıtmaz olsa da, Minsk qrupundan imtina etmək doğru olmaz"

BAKI, 10 iyul — Sputnik. "ATƏT-in Minsk qrupunun həmsədrlərinin ayrı-ayrılıqda bu prosesdə hansısa ciddi rolu ola bilməz. İlk əvvəl həmin həmsədrlərin təmsil olunduqları ölkələr öz aralarında razılığa gəlməlidir".

Bu gün, Sputnik Azərbaycan-ın Mətbuat Mərkəzində, ATƏT-in Minsk qrupunun fəaliyyətinə həsr olunmuş mətbuat konfransında, keçmiş dövlət müşaviri Eldar Namazov açıqlama verib: "Minsk qrupunun yaranması tarixinə baxsaq, görərik ki, Azərbaycan həmsədrlərin hazırki ölkələrdən müəyyənləşməsinin əleyhinə olub. Rəsmi Bakı o zaman Rusiyadan savayı Almaniyanın da həmsədrliyini irəli sürdü. Ermənilər buna qəti şəkildə etiraz etdilər. Onlar Fransanı təklif edəndə də, biz qarşı çıxdıq".

"Sonradan məlum oldu ki, bizim razılığımız olmadan Fransanı həmsədr ölkə olaraq artıq təyin ediblər. İş o dərəcəyə çatmışdı ki, o zamanki prezident Heydər Əliyev, Fransaya səfəri zamanı, Yelisey sarayında dövrün Fransa rəhbərinə öz etirazını bildirmişdi. Heydər Əliyev açıq-aşkar "biz Fransanın həmsədr olmasını istəmirik" demişdi. Prezident Jak Şirak Heydər Əliyevi əmin etmişdi ki, ölkəsi Fransa heç bir tərəf tutmadan bu məsələnin həllinə çalışacaq. O, Fransanın Ermənistanla olan tarixi əlaqələrindən, yaxın münasibətlərindən istifadə edərək rəsmi İrəvana təsir edə biləcəklərini söyləmişdi. Daha sonra, Azərbaycanın istəyi ilə üçüncü dövlət həmsədr qismində əlavə olundu. Bu, Amerika Birləşmiş Ştatları idi" — Namazov bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ayrı-ayrılıqda bu prosesdə hansısa ciddi rolu ola bilməz: "İlk əvvəl həmin həmsədrlərin təmsil olunduqları ölkələr öz aralarında razılığa gəlməlidir".

Tədbirdə iştirak edən millət vəkili Rasim Musabəyov isə qeyd edib ki, danışıqlar, Kazan görüşündən sonra demək olar ki, getmir: "Düzdür, görüşlər olur, ancaq danışıqlar getmir. Ümumiyyətlə, bu vaxta kimi keçirilən görüşlər zamanı, danışıq raundunun gündəliyini belə razılaşdırmaq mümkün olmayıb. Həqiqət budur. Qarşıda xarici işlər nazirlərinin görüşü olacaq ki, bu da ancaq gündəliyi müəyyənləşdirmək üçündür".

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
© Official website of President of Azerbaijan Republic

"Tərəflərin baxışları bir-birlərinə tam tərsdir. Ermənilər danışıq predmeti kimi təmas xəttində vəziyyətin stabilləşdirilməsi, araşdırma missiyası, monitorinq və s. cəfəng təkliflər irəli sürərək, mövcud vəziyyəti dondurmağa çalışırlar. Azərbaycan tərəfinin mövqeyi isə ondan ibarətdir ki, atəşkəs özü-özlüyündə heç bir şeydir. Onun mahiyyəti sadəcə o idi ki, münaqişənin həllinə hesablanmış danışıqlar aparılsın və nəticə əldə olunsun" — Musabəyov vurğulayıb.

Deputat əlavə edib ki, danışıqlar olmadığı halda, atəşkəsin möhkəmlənməsi faktiki olaraq işğalın möhkəmlənməsi deməkdir: "Bu da sanki dünya tərəfindən işğal faktorunun qəbul edilməsi deməkdir. Rəsmi Bakı heç vaxt bu amillə razılaşmayacaq".

Rasim Musabəyov, yarıtmaz fəaliyyətinə baxmayaraq, rəsmi Bakının ATƏT-dən imtina etməsinin doğru olmayacağını söyləyib: "Müasir dövrdə, hansısa danışıq formatından imtina edən tərəf özünü çətin vəziyyətə salır. ATƏT-in alternativi varmı ki, bunlara "kənara çəkilin" deyək? Yaxasını qabağa verən kimsə varmı ki, bu məsələni dalandan çıxarmağa imkanı olsun? Yoxdur belə bir qurum, təşkilat. Ona görə də, nə qədər yarıtmaz olsa da, Minsk qrupundan imtina etmək doğru olmaz".

"ATƏT-in Minsk qrupunun fəaliyyəti hansısa nəticə verməsə də, diplomatik aktivlik görürük. Ən azından səylər davam edir. Gəlin Moldovadakı Dnesteryanı bölgə probleminə baxaq. Orada 5+2 formatı var. Eşitmisinizmi orada hansısa cüzi bir fəaliyyət olsun? Yox. Gürcüstanın işğal olunmuş Abxaziya ərazisi ilə bağlı Cenevrədə bir format var. O da Avropa Şurasının təşəbbüsüdür. Nəticəni qoyduq bir kənara, hansısa fəaliyyət olduğunu eşitmisinizmi? Yox. Ukrayna ilə bağlı Minsk və Normand formatı var. Hansı nəticəni görmüşük? Baxmayaraq ki, Ukrayna problemi ilə əlaqəli böyük dövlətlər ciddi səylər göstərir. Ona görə də, ATƏT-dən imtina yaxşı bir şey deyil" — millət vəkili qeyd edib.

Tədbirin təşkilatçısı, Humanitar Tədqiqatlar İctimai Birliyinin direktoru Əvəz Həsənov da çıxışı zamanı deyib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən çox şey gözləyir: "Biz ATƏT-dən çox şey gözləyirik, fəaliyyətini müsbət qiymətləndirmirik. Ancaq heç kəs də ATƏT-in mandatının əlindən alınmasını istəmir. 1994-cü ildən bu yana başqa bir mandat düşünülməyib. Ona görə, biz də məcburuq ki, ATƏT-i tənqid etməklə yanaşı, təşkilatın fəaliyyətinin konstruktiv qurulması üçün öz təkliflərimizi verək".

Əlaqədar

Azərbaycandan ATƏT Parlament Assambleyasına çağırış
ATƏT Qarabağ danışıqlarında vasitəçi rolunu itirmək üzrədir
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
ATƏT sədri Qarabağ münaqişəsinin həllinə yardım edəcək
ATƏT-ə sədrlik Avstriyaya keçib
Teqlər:
Eldar Namazov, Rasim Musabəyov, Heydər Əliyev, Ermənistan, Fransa, ATƏT-in Minsk qrupu, Bakı, Rusiya, Azərbaycan, Almaniya

Əsas mövzular