22:59 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1158)
181 0 0

"Dünyada bununla bağlı nümunələr var. İkinci Dünya müharibəsi zamanı bəzi Avropa ölkələrinə vurduğu ziyana görə Almaniya hələ də o ölkələrə kompensasiya ödəyir. Məsələn, Almaniya Belçika və Hollandiyaya kompensasiya ödəyir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. "Ermənistanın Azərbaycan ərazilərini atəşə tutması nəticəsində mülki əhalimizə dəyən ziyanın kompensasiya məsələsi təcili surətdə Avropa Məhkəməsinə çıxarılmalıdır".

Bunu hüquqşünas Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında Ermənistanın Azərbaycan-a vurduğu ziyanın kompensasiya edilməsi məsələsindən danışarkən deyib.

Ermənistanın Gəncəni raket atəşinə tutması

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 14 nəfər həlak olub, 50-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Daha öncə oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhəri Ermənistan ərazisindən raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 15-i qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Ələsgər Məmmədli bildirib ki, Gəncə, Yevlax, Mingəçevir, Naftalan və digərləri Azərbaycanın bilavasitə əməliyyat aparılmayan zonasıdır: "Ermənistanın Azərbaycan ərazilərini atəşə tutması nəticəsində vətəndaşlarımıza dəyən mülki ziyanlar Avropa İnsan Hüquqları Məhkəməsi çərçivəsində Ermənistana qarşı yönəlməlidir. Hüquqi baxımdan yönələ də bilər. Hər kəsin mülkiyyət hüququnun toxunulmazlığı var. Vəkillər Kollegiyası da bununla bağlı sistemli şəkildə sənədləri toplamalı və vətəndaşlara pulsuz xidmət göstərməlidir. Mindən çox ev dağılıb, vətəndaşların eyni zamanda mülkiyyət hüquqları pozulub".

"Avropa İnsan Hüquqları Konvensiyasına əsasən, birbaşa Ermənistan ərazisindən Azərbaycan ərazilərinə atılan raketlərə görə Ermənistan məsuliyyət daşıyır. Bu, hüququn kobud şəkildə pozulmasıdır və Avropa Konvensiyası çərçivəsində mübahisələndirilməlidir", - deyə o diqqətə çatdırıb.

İşğal altında olan ərazilərimizə dəyən ziyanın Ermənistan tərəfindən kompensasiya edilməsi ilə bağlı hüquqşünas deyib ki, Azərbaycan əraziləri 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib: "Dəymiş ziyan ilə bağlı Ermənistan qarşısında iri məbləğdə kompensasiya ödəmək öhdəliyi qoyulmalıdır. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra sülh danışıqları çərçivəsində böyük ehtimal hansısa müqavilə imzalana bilər. Dəyən ziyan məsələsini, həm fərdlərin, həm də dövlətin itkilərini bu müqaviləyə daxil etmək mümkündür".

"Dünyada bununla bağlı nümunələr var. İkinci Dünya müharibəsi zamanı bəzi Avropa ölkələrinə vurduğu ziyana görə Almaniya hələ də o ölkələrə kompensasiya ödəyir. Məsələn, Almaniya Belçika və Hollandiyaya kompensasiya ödəyir", - deyə o qeyd edib.

Hüquqşünas bildirib ki, bunların hamısı rəsmiləşməlidir: "Baş Prokurorluq Azərbaycan ərazilərinə dəyən zərərlərə görə dərhal cinayət işi açır, bunları sənədləşdirir. Bunlar önəmlidir. Amma işğal olunmuş ərazilər azad olunandan sonra orada dəyən ziyan, itkilərlə bağlı araşdırma aparılmalı, hesablanmalı və ziyanın məbləği müəyyən edilməlidir".

Millət vəkili Fazil Mustafa da Sputnik Azərbaycan-a deyib ki, ayrı-ayrı şəxslər dəyən ziyana görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər: "Bundan başqa, dövlət, beynəlxalq iqtisadi məhkəmə mexanizmlərini işə salmalıdır. Dünyada indiyədək belə təcrübələr var və dəyən ziyana görə kompensasiya ödənilib. Almanlar yəhudilərə kompensasiya ödəyiblər. İndi bu da erməni faşizmidir və Ermənistan tərəfindən Azərbaycana külli miqdarda vəsait ödənməlidir".

"Azərbaycan bu kompensasiyaya görə indi də müraciət edə bilər. Amma gələcəkdə sistemli şəkildə beynəlxalq ekspertlərin, nüfuzlu audit təşkilatlarının iştirakı ilə Azərbaycan araşdırma apararaq dəymiş ziyanı müəyyən etməlidir. Və bu məbləğin Ermənistan tərəfindən Azərbaycana ödənilməsi tələb edilməlidir. Əgər məhkəmə qərar çıxararsa, Ermənistan məcburi şəkildə ölkəmizə kompensasiya ödəməlidir", - deyə deputat bildirib.

Millət vəkili Nizami Səfərov isə Sputnik Azərbaycan-a qısa açıqlamasında deyib ki, hələlik bu məsələni qaldırmaq tezdir: "Burada digər məsələlər də var. Dəymiş ziyanın kompensasiya olunması sonrakı mərhələdə olan məsələdir. Təbii ki, bizə dəymiş ziyan hesablanmalıdır. Xüsusi hazırlıqlı insanlar, xüsusi təşkilatlar bunu hesablayacaqlar. Beynəlxalq təşkilatları bu məsələyə cəlb edəcəyik".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1158)

Əsas mövzular