BAKI, 9 avqust — Sputnik. Rusiyanın Xabarovsk vilayətinin könüllüləri, ovçuları və polisləri ayının qorxusundan bir sutka ərzində bataqlıqda qalan 83 yaşlı qadını xilas ediblər. Qadın ayını qorxutmaq üçün nərildəyib, özü isə tədricən bataqlıqda batmağa başlayıb.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Anna Zemlyakova avqustun 5-də göbələk yığmaq üçün meşəyə gedib. Bir sutka keçəndən sonra onun yaxınları hüquq-mühafizə orqanlarına qadının meşədən qayıtmadığını xəbər verib. Axtarış aparan heyət gündüz təqaüdçünün yaşadığı Sita qəsəbəsinin ətrafını axtarıblar, lakin heç bir iz tapmayıblar. Axşam ikinci axtarış qrupu ayı mağarasına rast gəlib. Onun yanında isə bir vedrə göbələk tapıblar. "Liqa Spas" axtarış-xilasetmə qrupunun könüllüləri axtarışı silahsız davam etdirmək fikrindən daşınaraq qərargaha qayıdıblar.
Bir müddət sonra hadisə yerinə iki polis, iki ovçu və xilasedicilər yaxınlaşıb. Sonra isə maşın çağırılıb.
"Ayı mağarasından bir neçə metr aralıda göbələklə dolu vedrə aşkarladıq, işıqda nənəni fərq etdik. O, suda dayanmışdı, gil onu udmağa başlamışdı, 15 santimetr qalmışdı və az qala hər şey gec ola bilərdi. Qadın heyvanı özündən uzaqlaşdırmaq üçün nərildəməyə çalışıb. Onu aparmaq üçün nəqliyyat gözləyərkən, xərək düzəltdik. Elə bu vaxt ayı xilasedici qrupa yaxınlaşmağa başladı. Uşaqlar çiyin-çiyinə dayandılar, ovçu onu vurmağa hazırlaşdı. Ayı uşaqların ətrafında dolaşmağa başladı və elə bu vaxt nəqliyyat gəldi" - əməliyyat iştirakçılarından biri bildirib.
Qadını xəstəxanaya çatdırıblar, həkimlər onda ciddi zədə aşkarlamayıblar. O, tezliklə evinə qayıdacaq.
"Bu il bizi ayılar əhatə edir. Tayqada göbələk və giləmeyvə olduqca azdır, ona görə də ayılar insanların yaşadıqları yerə yaxın gəlirlər. Anna Yakovlevnanı (Zemlyakova-red.) kənddən bir kilometr aralıda tapdıq" - deyə Sita qəsəbəsinin sakini bildirib.