17:55 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
304 0 0

Sərgidə təqdim olunan sənədli filmdə CHINGIZ tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşür, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edir.

BAKI, 8 iyul — Sputnik. Rusiya Federasiyası Tatarıstan Respublikasında "Kazan Kremli" Muzey-Qoruğunda "Xalça sənəti – mənaların təkamülü" adlı sərginin açılışı olub. Milli Xalça Muzeyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim edilib. Beləliklə, Kazan tamaşaçısı üçün xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz fürsət yaranıb.

Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi (Bakı şəhəri) XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

© Photo: Azerbaijan Carpet Museum
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb

2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və CHINGIZ yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.

Müasir rəssam xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir. Bu sərgidə təqdim olunan "Saf tarix" instalyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, "tabula rasa"-nın klassik nümunəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir.

  • Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
    © Photo: Azerbaijan Carpet Museum
  • Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
    © Photo: Azerbaijan Carpet Museum
  • Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
    © Photo: Azerbaijan Carpet Museum
1 / 3
© Photo: Azerbaijan Carpet Museum
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb

Sərgidə təqdim olunan sənədli filmdə CHINGIZ tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşür, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edir.

Qeyd edək ki, tədbirin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, "Kazan Kremli" Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

© Photo: Azerbaijan Carpet Museum
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax və Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barəsində ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri və iş prosesindən bəhs edib.

Qeyd edək ki, "Xalça sənəti – mənaların təkamülü" sərgisi sentyabrın 5-dək davam edəcək.

Əsas mövzular