11:56 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
MƏDƏNİYYƏT
Qısa URL
974 0 0

"UNESCO xristian irsi haqqında danışırsa, həm də azərbaycanlılara məxsus xristian və islam irsi haqqında da düşünməlidir" - politoloq.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. Ziyalıların müraciətində Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi də UNESCO-ya tərəf saxlamama kimi bir vəzifəsinin olduğunu xatırladaraq Dağlıq Qarabağda mədəni irsin qorunmasını siyasiləşdirməməyi tövsiyə etmişdi.

Sputnik Azərbaycan UNESCO-nun Azərbaycana qarşı münasibətdə tətbiq etdiyi ikili standartların səbəblərini araşdırıb. UNESCO rəhbərliyinə müraciət edən azərbaycanlılardan ibarət ziyalı qrupunun üzvlərindən politoloq Elçin Mirzəbəyli mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, edilən müraciət indiki Ermənistan, yəni tarixi Azərbaycan ərazilərində olan dini və mədəni abidələrlə bağlıdır: “Faktiki olaraq, ötən əsrin əvvəllərində İrəvan quberniyasının ləğvindən sonra onun yerində yaradılmış Ermənistan dövləti tərəfindən bütün məscidlər, demək olar ki, dağıdılmışdır. Vandallıq o həddə çatıb ki, azərbaycanlılara məxsus qəbir daşları məhv edilib və bu yerlərin azərbaycanlı sakinlərinin izlərini silməyə çalışıblar. Həmin ərazilərin tarixi toponimləri dəyişdirilib və regiona aid olmayan adlarla əvəzlənib.

Vaxtilə işğal altında olmuş ərazilərimizdə törədilən vandallıq aktları da sübut edir ki, ermənilər azərbaycanlıların bu yerlərdəki izlərini silməklə böyük Ermənistan xülyasını gerçəkləşdirmək istəyiblər. Yəni saxtakarlıqlarını gerçəkləşdirmək üçün ən ağır cinayətləri törədiblər. Bu baxımdan da biz hesab edirik ki, əgər UNESCO xristian irsi haqqında danışırsa, həm də azərbaycanlılara məxsus xristian və islam irsi haqqında da düşünməlidir”.

Politoloq qeyd edib ki, təşkilat Ermənistan ərazisində dağıdılmış mədəni tarixi irsimiz barədə də öz münasibətini bildirməlidir:

“Biz istəyirik ki, təşkilat Ermənistan ərazisinə ekspert qrupu göndərsin və dağıdılmış abidələrlə bağlı hesabat tələb etsin. Bizim müraciətimizin təməlində bu amillər dayanıb. Azərbaycan və azərbaycanlılarla bağlı proseslərdə obyektiv münasibətin ortaya qoyulması tələb edilir. Digər tərəfdən, Ermənistan tərəfindən məhv edilmiş abidələr təkcə Azərbaycana və azərbaycanlılara məxsus deyil, bu həm də bütün bəşəriyyətə aiddir”.

“O ki qaldı UNESCO-nun qeyri-obyektiv münasibətinə, düşünürəm ki, bu, bir sıra amillərdən qaynaqlanır. Təşkilatın donorluğunu həyata keçirən böyük dövlətlər, hansı ki, onlar torpaqlarımızın işğalda qaldığı dövrdə ölkəmizə qarşı ikili standartlardan çıxış edirdilər, eyni yanaşmanı UNESCO-da həyata keçirirlər. Şübhəsiz ki, bu prosesdə erməni diasporunun rolu var. Bizim bu müraciətimizin məqsədi ikili standartlara son qoyulmasından ibarət idi”, – deyə E.Mirzəbəyli bildirib.

Qeyd edək ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO ilə Azərbaycanın əlaqələri 29 ilə yaxınlaşan bir dövrü əhatə edir. Azərbaycan Respublikası UNESCO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunub.

Teqlər:
UNESCO, tarixi memarlıq abidələri, dini abidələr, tarixi abidələr, mədəni irs, Ermənistan, Azərbaycan, Qarabağ

Əsas mövzular