CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanı bürüyən qatı tüstünün səbəbi nədir? Video

Atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Xırdalanda Heydər Əliyev prospekti 240 ünvanında havaya tüstü buraxanların kimliyi məlum olub. Sputnik Azərbaycan-ın sorğusuna Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Sakinlər Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edərək bir müddətdir ki, Xırdalan şəhər Heydər Əliyev prospekti 240 ünvanında bir müəssisədən havaya qatı tüstü buraxıldığından şikayətləniblər. Sakinlərin bildirdiyinə görə, gecə saatlarında həmin müəssisə havaya qatı tüstü buraxır. Nəticədə ətrafı yanmış plastik qoxusu bürüyür. Sakinlər həmin müəssisənin istehsalla məşğul olduğunu, ətrafda yaşayış binalarının olmasına məhəl qoymadan havaya tüstü buraxdığını bildiriblər.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov Sputnik Azərbaycan-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
"Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması
"Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür" - o, bildirib.