BAKI, 15 yanvar - Sputnik. Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə müddətini uzadacağı təqdirdə, klubun ortaq sahibi olacaq.
Bu barədə İspaniyanın “Marca” idman qəzeti məlumat yayıb.
İdmançının müqaviləni bir il uzatmağa hazırlaşdığı və bu baş verərsə, 183 milyon avro qazanacağı, nəticədə futbol klubunun səhmlərinin cüzi faizini alacağı qeyd edilib.
Portuqaliyanın “A Bola” idman qəzeti yazıb ki, Ronaldo müqaviləsini gələn ilin iyun ayına qədər uzatmağı və 200 milyon avro maaşını saxlamağı planlaşdırır (məbləğin artırıla biləcəyi əlavə edilib).
Bundan əvvəl Ronaldonun dubla imza ataraq “Əl-Nəsr” komandasını çempion etdiyi barədə məlumat verilmişdi.
12.08.23, 23:57
Ronaldo dubla imza ataraq “Əl-Nəsr” komandasını çempion edib
Ərəb Çempionlar Kubokunun final oyunu keçirilib.
Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda “Əl-Hilal” və “Əl-Nəsr” komandaları qarşılaşıb.
Görüş "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
51-ci dəqiqədə "Əl-Hilal" komandası hesabı açıb.
74-cü dəqiqədə “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo tabloda hesabı bərabərləşdirib.
Daha sonra ulduz futbolçu dubla imza ataraq komandasına qələbə qazandıran qolu vurub (APA).