BAKI, 15 yanvar — Sputnik. Münaqişədən qaçmağın ən yaxşı yolu ona hazırlaşmaqdır.
Bunu NATO-nun baş katibi Mark Rutte çərşənbə günü Brüsseldə baş tutan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında bildirib.
O, NATO-ya üzv dövlətləri müharibə dövrünün şərtlərinə uyğun olaraq düşüncələrini yenidən nəzərdən keçirməyə və müdafiə xərclərini artırmağa çağırıb.
"Müharibənin qarşısını almaq üçün biz ona hazır olmalıyıq. Hazırda müharibə dövrünün tələblərinə cavab vermək üçün düşüncəmizi dəyişməyin vaxtıdır. Bu, o deməkdir ki, biz müdafiə xərclərini və silah istehsalını artırmaqla müdafiəmizi gücləndirməliyik" - Rutte fikrini ifadə edib.
Bundan əvvəl Rutte bəyan etmişdi ki, əgər ölkələrin hökumətləri hərbi ehtiyaclar üçün hazırkı ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə çox pul ayırmasalar, Aİ ölkələrinin sakinləri bir neçə ildən sonra rus dilini öyrənməli olacaqlar.