BAKI, 14 yanvar — Sputnik. İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilərin, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.
Aparılan son nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasən məhsulların tərkibində GMO aşkarlanıb.
Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb.
AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, Azərbaycana GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuz olaraq ölkəyə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcək.
Xatırladaq ki, qanunvericiliyə görə, genetik modifikasiya olunmuş orqanizmlər - müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlərdir (bitki, heyvan və mikroorqanizmlər).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.