BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda peşə təhsilinə bu il 82,2 milyon manat vəsait ayrılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov söyləyib.
O, bildirib ki, peşə təhsilinə tələbə qəbulu artıb. Onun sözlərinə görə son 5 ildə peşə təhsilinə qəbulda 60 faiz artım var.
"Artıq peşə məktəblərində yer yoxdur. Ona görə də, biz peşə təhsilində iki növbəli sistemə keçmişik", - qurum rəhbəri bildirib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov
© Sputnik / Zulfiyya Guluyeva
Ceyhun Kərəmov deyib ki, peşə təhsilində adambaşına maliyyələşmə sisteminə keçilib.
Dövlət Agentliyinin direktoru bildirib ki, peşə təhsili infrastrukturunda məcburi köçkünlər var.
"Hələ də peşə təhsili müəssisələrinin 50 faizində məcburi köçkünlər yaşayır", - Ceyhun Kərəmov qeyd edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru açıqlayıb ki, Azərbaycanda bölgələrdə yeni peşə təhsili müəssisələri fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, Gəncədə, Qəbələdə, Bərdə, Cəlilabad, İsmayıllı və Lənkəranda yeni peşə təhsili müəssisələri inşa olunub.
“Qubada, Qaxda və Tovuzda peşə təhsilu müəssisələrinin tikilməsi davam edir. Hazırda Füzulidə peşə təhsili məktəbi tikilir. Şuşada peşə təhsili müəssisəsinin təmirinə başlanılacaq. Qubadlıda və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirilməsi bu ilin ortasında tamamlanacaq”.
Agentliyin direktoru həmçinin bildirib ki, hazırda əmək bazarının tələbləri dəyişib. Sənaye və peşə təhsili arasında dialoqun yaranması vacibdir.
"Peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanmalıdır. Çünki, əmək bazarının tələbləri tez-tez dəyişir. Ona görə də peşə təhsili müəssisələrində infrastruktur əmək bazarına uyğunlaşdırılır”, - Ceyhun Kərəmov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.