DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qrenlandiyada hələ adanın müstəqilliyi ilə bağlı referendum keçirmək planlaşdırılmır

ABŞ-ın yeni seçilmiş prezidenti Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.
Sputnik
BAKI, 11 yanvar - Sputnik. Qrenlandiya hakimiyyətinin adanın Danimarkadan müstəqilliyi ilə bağlı referendumun nə vaxt keçiriləcəyi ilə bağlı hələlik konkret planları yoxdur. Bu barədə RİA Novosti Danimarkanın DR teleradio şirkətinə istinadən xəbər yayıb.
Qrenlandiyanın baş naziri Mute Egede cümə günü deyib ki, adanın Danimarkadan asılı olması səbəbindən xarici siyasətdə müstəqillik yoxdur.

“Qrenlandiya parlamentində müstəqillik tərəfdarı olan dörd partiyadan heç birinin müstəqilliyə nail olmaq üçün ilkin şərt olan referendumu keçirmək istədikləri vaxtla bağlı konkret planları yoxdur”, - məlumatda deyilir.

Bununla belə, DR məlumatına görə, bir çox yüksək vəzifəli Qrenlandiya siyasətçiləri adanın Danimarkadan ayrılaraq müstəqil ölkə olmasını istəyirlər.
Donald Tramp, arxiv
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 7-də bildirib ki, Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olmalıdır.
Tramp Qrenlandiyanın Çin və Rusiya da daxil olmaqla, milli təhlükəsizlik və “azad dünyanın” qorunması üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qrenlandiyanın baş naziri Mute Egede isə öz növbəsində adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib. Eyni zamanda Tramp Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.
2024-cü ilin sonunda Tramp ABŞ-ın Qrenlandiyaya sahib olmasını “mütləq zərurət” adlandırıb.
O, ABŞ-ın İsveçdəki keçmiş səfiri və sahibkar Ken Hoverini ABŞ-ın Danimarkadakı yeni səfiri təyin etmək qərarını bu cür şərh edib.
Qrenlandiya 1953-cü ilə qədər Danimarka koloniyası olub. Ada krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünü idarə etmək və daxili siyasətdə müstəqil seçim etmək imkanı ilə muxtariyyət qazanıb.
Hələ 2019-cu ildə Trampın Qrenlandiyanı almağı düşünməsi ilə bağlı bir sıra media xəbərləri yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.