BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulması ilə bağlı sövdələşmənin baş tutacağını qətiyyətlə bəyan edərək, oğlunun və Respublikaçılar Partiyasının nümayəndələrinin adada möhtəşəm qarşılandığını bildirib.
Bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib.
"Kiçik Donald Tramp və mənim Respublikaçı nümayəndələrim Qrenlandiyaya eniblər. Qəbul əla keçib" – Tramp yazıb.
O vurğulayıb ki, Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulması ilə bağlı razılaşma "baş tutmalıdır".
"Gəlin Qrenlandiyanı yenidən möhtəşəm edək! Onların və bütün azad dünyanın təhlükəsizliyə, müdafiəyə, gücə və sülhə ehtiyacı var" - ABŞ dövlət başçısı əlavə edib.
Qeyd edək ki, kiçik Donald Tramp şəxsi təyyarəsi ilə Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə "uzun şəxsi səfər" üçün gəlib.
Xatırladaq ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarka müstəmləkəsi olub və hələ də krallığın bir hissəsidir, lakin 2009-cu ildə Qrenlandiyaya muxtariyyət verildi və bu, ona daxili siyasətində özünüidarəni həyata keçirməyə imkan yaratdı.
Danimarka hökuməti Trampın təklif etdiyi razılaşmanın qəti əleyhinədir.
"New York Post" daha əvvəl Trampın Qrenlandiyanı almaqda ciddi olduğunu yazmışdı. Qeyd edilib ki, bu sövdələşmə ABŞ tarixində ən böyük devralmaya çevrilə bilər.