BAKI, 10 yanvar — Sputnik. Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
Xatırladaq ki, Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.
1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini, 1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Departament direktoru, baş direktor, 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifələrində çalışıb. Eyni zamanda 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri olub.
2006-cı ildən Azərbaycan Respublikasının maliyyə naziri, eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
Evlidir, üç övladı var.