SƏHİYYƏ

Koronavirusdan da betər: Azərbaycan səhiyyəsi yeni yayılmış virusa hazırdırmı?

Metapnevmovirusa yoluxan şəxslərə ilkin səhiyyə xidməti həkimlər tərəfindən göstərilir, müalicələri evdə davam etdirilir.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrindəki Yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər üzərində ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə aparılır və onların müalicələri evdə davam etdirilir.

"Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar. Məlumat üçün bildirək ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur".

Qeyd edək ki, Səhiyyə nazirliyi yeni yayılan metapnevmovirusla bağlı məlumat yayıb, əhalini peyvənd olunmağa çağırıb.
Çində insan metapnevmovirusu (HMPV) yayılıb. Artıq Qazaxıstanda da yeni yayılan virusa yoluxma faktı qeydə alınıb. Belə ki, 30 nəfərdə metapnevmovirus aşkarlanıb. Metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.
Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. Immun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır.
SƏHİYYƏ
Əhali arasında yeni yayılmış virusla bağlı xəbərdarlıq! Vaksin olunmasanız...