BAKI, 7 yanvar — Sputnik. Ukrayna hakimiyyəti öz ölkəsinin ərazisində təxribat törədə bilər. Hər şeydən əvvəl Rusiyanı günahlandırmaq üçün.
Bu barədə "News.ru" rusiyalı deputat Aleksey Çepanın sözlərinə istinadən xəbər verib.
Siyasətçi vurğulayıb ki, Kiyevin Qərb dövlətlərinin diqqətini cəlb etmək üçün belə tədbirlərə ehtiyacı var. Çünki Ukraynanın populyarlığı Vladimir Zelenskinin populyarlığı kimi getdikcə azalır. Zelenski hətta ABŞ-ın yenidən seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə də dəvət olunmayıb.
"Bir hissəsi hələ də Zelenskini dəstəkləyən Qərb koalisiyasının Rusiyanın hərəkətlərini pisləməsi üçün hansısa qınağın mümkün olduğu bir vəziyyət yaratması Ukrayna hakimiyyəti üçün faydalıdır. Bu hər hansı bir hərəkət ola bilər", - Çepa söyləyib.
Deputat əlavə edib ki, alternativ olaraq Kiyev Rusiya ərazisində mühüm obyektlərə zərbə endirməyə cəhd edə bilər. Yəqin ki, hər şey Kursk vilayətində baş verəcək. Orada Ukrayna Silahlı Qüvvələri (USQ) atom elektrik stansiyasını (AES) atəşə tuta bilər.
Oxşar fikri bu yaxınlarda Norveçin Cənub-Şərqi Universitetinin professoru Qlenn Dizen də dilə gətirib. O, növbəti iki həftənin Ukraynanın potensial təxribatları səbəbindən son dərəcə təhlükəli ola biləcəyini vurğulayıb.