BAKI, 28 dekabr — Sputnik. İrəvan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil. Bu barədə Sputnik Ermənistan-a mənbələr bildiriblər.
Xumaryan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb.
Əldə edilmiş məlumata görə, bundan sonra o, Belarusa qayıtmayıb.
Ötən gün Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında söz atışması olub.
İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuyub. İki ölkə rəsmiləri arasında gərginlik Belarus prezidentinin 44 günlük müharibənin nəticələri ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranıb. Paşinyan daha sonra bildirib ki, Belarus lideri Azərbaycana yardım etdiyini etiraf edib və Aleksandr Lukaşenko orada prezident olaraq qaldığı müddətdə rəsmilərə Belarusa getməyi qadağan edib. Hətta iyun ayında iki ölkənin xarici işlər nazirlikləri arasında nota mübadiləsi də olub. Avqustda Lukaşenkonun növbəti bəyanatından sonra Belarusun İrəvandakı səfirliyinin binasına pomidor və kartof yağdırılıb.