BAKI, 27 dekabr — Sputnik. "Embraer" təyyarə istehsalçısının nümayəndələri Braziliyadan "Azərbaycan Hava Yolları" QSC-nin təyyarəsinin qəzaya uğradığı Aktauya gediblər. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Təyyarə istehsalçısı "Embraer"dən təyin olunmuş nümayəndələr Çikaqo Konvensiyasına 13-cü Əlavəyə uyğun olaraq Braziliyadan Aktau şəhərinə gediblər", - Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.
O da bildirilib ki, Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması üzrə Mərkəzin (CENIPA) nümayəndələrinin yaxın günlərdə Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qəzaya uğradığı Aktauya gəlməsi gözlənilir.
"CENIPA-nın gəlişi yaxın günlərdə gözlənilir", - Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.