BAKI, 25 dekabr — Sputnik. "Zaqatalanın Danaçı kəndində 8 nəfərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsində qəzaya uğradığı bildirilir. Onların çoxunun ailəsinə hələki bir məlumat verilməyib. Hadisə zamanı ölənlərdən üç nəfər- Carayev Arif, Carayev Mahir, Carayev Hacı əmiuşaqlarıdır. Əvvəl Arifin öldüyü bildirilsə də, indi zəng gəldi ki, o komadadır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Danaçı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sədri Məhəmməd Vaşiyev bildirib. O, deyib ki, indiyədək yaralılardan biri-Cəlilov Nizami ilə əlaqə saxlayıb: "Onunla danışdım. Səhhətində ciddi problem olmadığını söylədi. Sonra telefonun enerjisi bitdi, söhbətimizi davam etdirə bilmədik. Öldüyü bildirilənlərin ailələrinə məlumat verməmişik. Çünki, hələ onların hadisə zamanı öldüyü tam təsdiqlənməyib. Bu dəqiqələrdə Carayev Arifin komada olduğu məlumatı gəldi. Onun 47-48 yaşı var. Hamısı orta yaşlı insanlardır. Onların çoxu iş üçün gedirdilər. Bəziləri isə orada olan övladlarını görməyə gedənlərdir".
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub. Sputnik Azərbaycan-ın Lent.az-a istinadən məlumatına görə, onlardan 6-sı həlak olub, 2-si yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Həlak olanlar:
Carayev Arif
Carayev Mahir
Carayev Hacı
Ceerov Xizri
Ceerova G.
Siracova Müslümət
Yaralılar:
Siracov Nurulla
Cəlilov Nizami
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.