Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Prezident Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin operativ qərargahının məlumatına görə, 25 nəfər sağ qalıb və xəstəxanaya çatdırılıb.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".
****
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".
***
Çeçenistan rəhbəri Ramzan Kadırov Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verib.
"Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişinlərin yaxınlarına başsağlığı verir, 12 nəfərin sağ qaldığı və onların vəziyyətinin çox ağır olduğu bildirilir. onlara tezliklə sağalmalarını arzu edirəm", – Kadırov Telegram kanalında yazıb.
Sözügedən təyyarə bu gün səhər saatlarında qəzaya uğrayıb. Mətbuatın ilkin məlumatına görə, buna səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub. İlkin olaraq təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin operativ qərargahının məlumatına görə, 25 nəfər sağ qalıb və xəstəxanaya çatdırılıb.