RUSİYA

Rusiyada üç gün əvvəl radarlardan itən təyyarə tapılıb, sərnişin və pilotlar sağdır

Təyyarənin sərnişin və pilotları yaxınlıqdakı tibb müəssisəsinə aparılıb.
Sputnik
BAKI, 22 dekabr - Sputnik. Kamçatkada itən An-2 təyyarəsi tapılıb. Təyyarədə olan insanlar sağdır. Bu barədə Kamçatka vilayətinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.
“Təyyarə tapıldı, insanlar sağdır, vəziyyətlərinin necə olduğunu deyə bilmərəm. Biz indi təxliyə edəcəyik” - Lebedev “VKontakte” səhifəsində bildirib.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsinin sözlərinə görə, Kamçatkada qəzaya uğrayan An-2 təyyarəsinin sərnişini və iki pilotu Milkovo kəndindəki tibb müəssisəsinə aparılıb.
Dekabrın 19-da An-2 təyyarəsi Milkovo kəndi - Ossora qəsəbəsi marşrutu üzrə hərəkət edib. İlkin məlumata görə, təyyarə yükü çatdırmaq üçün kommersiya uçuşu həyata keçirirmiş. Göyərtəsində üç nəfər olub. Təyyarədən təcili siqnal təqribən Ust-Kamçatka vilayətinin Klyuçi kəndindən 160 kilometr aralıda, 700 metr yüksəklikdə göndərilib.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinin müstəntiqləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) cinayət işi açıblar.