BAKI, 22 dekabr - Sputnik. Rusiya ərazisinə edilən hücumlara cavab olaraq düşmən dəfələrlə daha böyük dağıntı ilə üzləşəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kazana hücumunu şərh edərkən bildirib.
"Kim və nə qədər bizim ölkədə nəyisə məhv etməyə çalışsa, buna görə öz ölkəsində qat-qat böyük dağıntılarla üzləşəcək və ölkəmizdə etməyə çalışdığına da peşman olacaq” - Putin nəqliyyat infrastrukturu obyektlərinin açılış mərasimi zamanı Kazana hücumu şərh edərkən deyib.
Xatırladaq ki, dekabrın 21-də səhər saatlarında Tatarıstanın (Rusiya) Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
"Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib", - məlumatda qeyd olunub.
Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur.
Tatarıstan rəisinin mətbuat xidməti bildirib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb.
Respublikanın rəisi Rüstəm Minnixanov isə bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Məlumata görə, Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub. Sözügedən addım təhlükəsizlik tədbirləri ilə əsaslandırılıb.