İDMAN

Xankəndidə badminton üzrə Azərbaycan çempionatı keçirilib

Fərid Qayıbov bildirib ki, Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. "Ötən il Xankəndiyə qayıtdıq, dövlət başçısı tərəfindən Azərbaycan bayrağı ucaldıldı. Xankəndiyə idman da qayıtdı". Bunu Xankəndidə Azərtac-a müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, dekabrın 21-də futbol üzrə ölkə kubokunun 8/1 final mərhələsi çərçivəsində “Qarabağ” və Mərkəzi Ordu İdman Klubu qarşılaşıb.
Bundan əlavə, bu il Xankəndi–Bakı ultra marafonu təşkil olundu. Bu gün isə Xankəndidə badminton üzrə Azərbaycan çempionatı keçirilib.
Nazir işğaldan azad olunmuş ərazilərdə növbəti illərdə həm yerli, həm də beynəlxalq yarışların keçiriləcəyini söyləyib:

“Əlli il əvvəl 10-cu Azərbaycan çempionatı Xankəndidə keçirilmişdi. 50 il sonra badminton üzrə Azərbaycan çempionatı yenidən Xankəndidə keçirildi", - nazir bildirib.

Fərid Qayıbov
Onun sözərinə görə, Xankəndidə idman tədbirlərinin keçirilməsini növbəti illərdə də planlaşdırılır.

"Nəinki yerli, eləcə də beynəlxalq tədbirlər keçiriləcək. Artıq Şuşada, Suqovuşanda, Füzulidə beynəlxalq yarışlar keçirilib. İstəyirik ki, növbəti illərdə həm bu yarışlar ənənəvi olsun, həm də yeni yarışlar keçirək”, – deyə nazir bildirib.

Qeyd edək ki, Azərbaycan idmanında tarixi hadisə yaşanıb. Badminton üzrə Azərbaycan çempionatı 50 illik fasilədən sonra yenidən Xankəndi şəhərində keçirilib.
Sonuncu dəfə 1974-cü ildə badminton üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Xankəndi şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə bu dəfə final qarşılaşmaları oynanılıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 32 oğlan və 12 qız 5 kateqoriya üzrə mübarizə aparıb.
1974-cü ildə keçirilən turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin dəyərli üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.
Qalib və mükafatçıları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.