CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağçaları əvəzləyən "ailə modeli" necə yaradılacaq?

İlahə Rəsulova bildirib ki, model bağçanın olmadığı, icma əsaslı məktəbəqədər təhsilin təşkil edilmədiyi, amma məktəbəqədər yaşda azı 9-10 uşaq olan kəndlərdə tətbiq ediləcək.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaqla bağlı pilot layihə üzərində iş gedir. Elm və təhsil naziri Emin Əmrullayevin ötən həftə açıqladığı yeniliklərdən biri də ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətinin göstəriləcəyidir.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova "Azərbaycan müəllimi"nə müsahibəsində pilot olaraq tətbiq edilən və gələcəkdə həyata keçiriləcək layihələrdən danışıb.
Sputnik Azərbaycan həmin müsahibəni oxuculara təqdim edir:
"Ailə tipli təlim qrupları" modelində ana həm də müəllim olacaq
– Elm və təhsil naziri Emin Əmrullayevin "Ailə modeli" deyə bəhsini açdığı məktəbəqədər təhsil xidmətinin təşkilindən danışaq. İndiyədək həyata keçirilən layihələrdə, məsələn, "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsində valideynlərin iştirakının artırıldığını görürük. "Ailə modeli" bu prosesin nəticəsidir?
– Əslində bunlar fərqli modellərdir. İcma əsaslı məktəbəqədər təhsil layihəsinə əsasən təhsil qrupları məktəblər və digər ictimai binalarda yaradıla bilər. Bu modeldə öyrənmə prosesində 1 və ya 2 valideynin iştirakının vacibliyi şərt kimi qoyulub. Məqsəd həm valideynlərin özlərinin öyrənmələri, həm də müəllimlərə bu prosesdə kömək etmələridir. "Ailə tipli təlim qrupları" isə başqa modeldir. Bu modelin modifikasiya olunmuş versiyasını cari ilin yanvar ayında elan edilən qrant layihəsində tətbiq etdik. "Öyrənmə qutusu" adlandırdığımız həmin layihə Balakən və Şəkidə icra olundu.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova
– Modeli necə dəyişdirdiniz, burada nə nəzərdə tutulurdu?
– Bu model üçün 3-4 yaşlı uşağı olan 40 ailə müəyənləşdirdik. Məzmun baxımından layihəyə dəstək verdik. Həmin ailələri, əsasən də anaları təlimləndirdik ki, öz uşaqlarını öyrənmə prosesinə cəlb etsinlər. Valideynlər layihə çərçivəsində 3 günlük təlimlərdən keçdilər. Bunun üçün qutu hazırlandı və içərisinə 4-5 aylıq öyrənmə təlimatı, həmin proqrama uyğun resurslar qoyuldu. Layihə rəhbərləri və koordinatorlar hər bir ailəyə bir qutu təqdim etdiər. Layihəyə cəlb edilən mentorlar həftədə 1 dəfə valideynlərlə görüşür, onları həm öyrədir, həm də görüşlər təşkil edərək nəticələri müzakirə edirdilər. Layihənin şərtlərinə uyğun olaraq ailələr və uşaqlar həftədə bir dəfə görüşür, analar bir-biri ilə, uşaqlar da öz aralarında sosiallaşırdılar. Evdə uşaqların öyrənmə prosesi daim nəzarət altında idi. Monitorinqlərimiz üçün analar videolar çəkir, mentorlarımızla paylaşırdılar. Martdan başlayan layihə 4 ay davam etdi. Valideynlərin sevinci və təəccübü onu deməyə əsas verdi ki, onlar məktəbəqədər təhsil, bu yaşda olan uşaqların təlim-tədris prosesi barədə geniş məlumata malik deyillər. Layihə nəticəsində valideynlərin də maariflənməsi uğurlu nəticələrdən biri idi. Odur ki, növbəti qrant layihəsində "Ailə tipli təlim qrupları" modeli üzərində dayandıq. Yeni layihədə məktəbəqədər yaşlı uşağı olan seçilmiş anaya qonşuluqda yaşayan 6-7 uşaq da həvalə edilir. "Öyrənmə qutusu"nda hər kəs öz uşağı ilə məşğul olurdu, amma bu modeldə bir ana öz uşağı ilə yanaşı, qonşu uşaqlarla da məşğul olur, yəni ana həm də bir müəllimdir. Bu model də bağçanın olmadığı, icma əsaslı məktəbəqədər təhsilin təşkil edilmədiyi, amma məktəbəqədər yaşda azı 9-10 uşaq olan kəndlərdə tətbiq ediləcək.
– Hansı ailələrə uşaq həvalə ediləcək?
– Bu layihənin uğur qazanması həm də bundan asılıdır. Seçilən anaya qonşular etibar edəcəklərmi? Sadəcə ana deyil, seçilən evin şəraiti ilə də maraqlanırıq. Evdə uyğun şərait varmı, təhlükəsizlik tələblərinə cavab verirmi? Otağın işıqlanması, ailə üzvlərinin sayı araşdırılır. "Ailə tipli təlim qrupları" modelində bu məsələlər nəzərə alınır.
– Özününkü ilə yanaşı, qonşunun da uşağına baxacaq analar necə seçiləcək?
– Bu məsələyə xüsusilə diqqət etdik. Anaların öz uşaqlarını qonşuluqdakı anaya, pedaqoqa etibar etmələri çox önəmlidir. Layihə hazırlananda mentorların olması zərurəti qeyd edilmişdi. Mentor anaları öyrətməli, lazım gələndə tövsiyələr verməlidir. Layihə çərçivəsində resursların təmin olunması da nəzərdə tutulub və layihə uğurlu olacağı təqdirdə biz gələcəkdə bu modeli genişləndirə bilərik.
"Avtobus bağça"lar necə olacaq?
– Ananın pedaqoq olması şərtdirmi? Ananın pedaqoq olması tələbinin qoyulması bu layihənin uğursuzluğuna səbəb olmazmı? Ucqar kənddə nəinki pedaqoq, təhsilli ana belə tapmağın çətin ola biləcəyini düşünmürsünüzmü?
– "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsində ananın pedaqoq olmasına üstünlük verilsə də, əsas şərt kimi qoyulmayıb. Qayğıkeş, pozitiv ana olması yetərli sayılır. "Ailə tipli təlim qrupları"nda çalışacaq tərbiyəçi-müəllim müvafiq təhsili və ya tam orta təhsili olan valideyn ola bilər. Burada təhsil önəmli sayılır. Ümumiyyətlə, məktəbəqədər təhsildə biri-birinin ardınca maraqlı yeniliklər olur. Bunların bir qismi artıq reallaşıb, "Öyrənmə qutusu" kimi nəticəsi var, bir qismi hələ icradadır, üçüncü qisim də var ki, "Avtobus bağça" kimi plandan ibarətdir.
"Avtobus bağça" modelini, bunu "mobil bağçalar" da adlandırmaq olar, ilk dəfə 2022-ci ildə Özbəkistanda konfransda gördük. İçərisinə 2-3 masa qoyulmuş avtobus gün ərzində 2 kəndə gedir. Tərbiyəçi-müəllim də avtobusun içərisindədir. Hava yaxşıdırsa, avtobus nəzərdə tutulmuş xüsusi yerdə saxlayır, uşaqlar avtobusun yaxınlığında açıq havada oynayır, təlimlər keçirlər. Azərbaycanda bu modelin tətbiqi üçün xərclərin effektivliyi, müvafiq kəndlər araşdırılmalıdır. Uşaq sayı yetərlidirmi? Məsələn, 2 kənddə cəmi 4 uşaq varsa, həmin evlərə qutu göndərmək daha səmərəli olar. Hansı kənd üçün hansı modelin effektiv olmasına qərar vermək geniş təhlil tələb edir. Uşaqların sayı müəyyənləşdirildikdən sonra səmərəli variantların hamısına nəzər salınmalı, iqtisadi və effektivlik baxımından modellərin üstünlüklərinə diqqət yetirilməlidir.
Bağça bahalı modeldir, çünki uşaq orada səhərdən axşama qədər qalır, qidalanır. Amma öyrənmə komponentli 2-3 saatlıq təlim proqramları böyük maliyyə tələb etmir. Belə modellərdən biri uşaq bağçalarında olan qısamüddətli təlim qruplarıdır. Məktəbəqədər təhsil müəssislərinin bəzilərində müəyyən səbəblərdən istifadəsiz, boş otaqlar var. 2024-cü ildə tətbiq edilən pilot layihələr arasında ikisi məhz bununla bağlı idi. Belə ki, müəyyən edilən boş otaqlar resurslarla təmin olundu və iki növbə olmaqla, ümumilikdə 40 uşaq yarımgünlük təlim qruplarından faydalandılar. Yəni, bu modelin əsasını da qeyri-formal öyrənmə təşkil edir. Başqa sözlə desək, bir məktəbəqədər təhsil müəssisəsində tam və yarımgünlük qruplar paralel fəaliyyət göstərir. Yeni qrant layihəsi çərçivəsində bu modelin də genişlənməsi gözlənilir.
Bakıda da otaqları boş bağçalarda imkanlar dəyərləndirilir
– Nədənsə, yeni və maraqlı layihələr ucqar ərazilər üçün planlaşdırılır. Halbuki Bakı əhalinin sıx məskunlaşdığı yerlərdəndir. Burada bağçaya ehtiyacı olan uşaq daha çoxdur, amma nədənsə, belə layihələrdə adı yoxdur. Bakı üçün panlaşdırılan nəsə var?
– Bağçalarda qısamüddətli təlim qrupları, icma əsaslı təlim qrupları mümkün olan yerlərdə təşkil edilir. Məsələn, Bakıətrafı qəsəbələrdə, Abşeron rayonunda, Sumqayıtda mövcud imkanları dəyərləndirə bilmişik. Bakıda daha çox özəl-dövlət tərəfdaşlığı ilə gerçəkləşən layihələr var, proses bitmədiyinə görə hələlik nəticələr barədə danışa bilmirik. Amma bu modelin uğur qazanacağına inanırıq. Dövlət-özəl əməkdaşlığı sayəsində dövlət valideynlərin ödəməli olduğu vəsaitin bir hissəsini öz üzərinə götürür. Regionlarda imkanlar çox, uşaq sayı azdır, Bakıda isə əksinə. Ona görə də burada hələlik özəl-dövlət tərəfdaşlığını nəzərdə tutan modelin inkişaf etdirilməsi üzərində dayanmışıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Bağçaları dəyişirlər, uşaqlar ailələrdə təhsil alacaq