TƏHSİL

Bakıda 2533 boş iş yeri var - Orta aylıq əməkhaqqı 993 manatdır

İşə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət edilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2533 vakansiya təqdim olunub.
İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib. Bunlardan:
- 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
- 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
Həmçinin təqvim ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət edilib. 185 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi nəticəsində işə qəbul olunub.
İdarədən bildirilib ki, 2024-cü təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat təşkil edib. Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı isə 527 manat olub.