BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni iş yerlərinin sayı artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə 1532 yeni iş yeri yaradılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artım deməkdir. Keçən ilin eyni dövründə azad edilmiş ərazilərdə 989 yeni iş yeri açılıb.
Cari ilin yanvar-sentyabr aylarında azad edilmiş ərazilərdə ən çox yeni iş yerləri Laçın, Şuşa və Xankəndidə yaradılıb. Belə ki, hesabat dövründə Laçında 409, Şuşada 324, Xankəndində 209 yeni iş yeri açılıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaradıb. Ölkə ərazisində 2024-cü ilin doqquz ayı ərzində yaradılmış 10505 yeni müəssisə və təşkilatın 2,2 faizi Qarabağ iqtisadi rayonunda, 1 faizi Şərqi Zəngəzur iqtisadi rayonunda qeydiyyatda olub.
Qarabağda iş imkanları
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mediaya bildirib ki, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib:
"Bu Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı geniş, aktiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda Qarabağ və Şərqi Zəngəzura qayıtmış üç min şəxsin aktiv məşğulluğu nazirlik tərəfindən təmin olunub. Bu, həmin ərazidə olan iqtisadi fəal əhalinin təxminən 85-86 faizini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə hazırda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Dövlət vəsaiti hesabına böyük infrastruktur layihələri icra olunur".
Nazir müavini bildirib ki, 2026-cı ilin sonunadək 12 min şəxsin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə hazırlığına cəlb olunmasını planlaşdırırıq: "Digər bir istiqamət isə özünüməşğulluq proqramıdır. İşğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramının həyata keçirilməsini hədəfləmişik və tədbirlərimizi davam etdiririk".
Qeyd edək ki, hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işəgötürən tərəfindən müəyyən edilir. Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində "Qarabağda iş imkanları" adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər.
Ən yüksək maaş Xankəndi şəhərində verilir
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 993 manat təşkil edib. Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə orta aylıq əməkhaqqı ən yüksək Xankəndi şəhərində olub. Belə ki, Xankəndi şəhərində muzdlu işçilərin orta aylıq əməkhaqqı 1771 manat təşkil edib. Bundan başqa, Ağdərə rayonunda muzdlu işçilərin orta aylıq əməkhaqqı 926 manat, Şuşa rayonunda orta aylıq əməkhaqqı 891 manat, Zəngilan rayonunda orta aylıq əməkhaqqı 883 manat təşkil edib və s.
Azad edilmiş ərazilərdə sahibkarlara güzəştlər edilir
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, işğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər genişhəcmli güzəştlərlə əhatə olunub. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Həmçinin işğaldan azad edilmiş ərazilərdə rezidentlər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və s. vergi güzəştləri ilə əhatə edilib.
İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə də özlərinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları 10 il müddətində 100 faiz miqdarında dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yəni həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsidir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Yeni bölgüyə əsasən iqtisadi rayonların sayı 14-ə çatdırılıb.
Qarabağ iqtisadi rayonu dedikdə Xankəndi şəhəri, Ağcabədi rayonu, Ağdam rayonu, Ağdərə rayonu, Bərdə rayonu, Füzuli rayonu, Xocalı rayonu, Xocavənd rayonu, Şuşa rayonu, Tərtər rayonu nəzərdə tutulur.
Şərqi Zəngəzur iqtisadi rayonu dedikdə isə Cəbrayıl rayonu, Kəlbəcər rayonu, Qubadlı rayonu, Laçın rayonu, Zəngilan rayonu nəzərdə tutulur.