TƏHSİL

Şagirdi stulla vuran müəllim barədə qərar verildi

İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Şagirdi stulla vuran müəllim cəzalandırılıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, sosial mediada Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurduğu görüntülər yayılıb. Qurumdan bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bildirilib ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.

"İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb. Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - açıqlamada bildirilir.

Təhsil eksperti Kamran Əsədov isə həmin müəllimin müdafiəsinə qalxıb:
"Bütün cəmiyyət müəllimi müqəddəs sayır, amma ən müqəddəs insanı belə bezdirəcək, özündən çıxaracaq vəziyyətə gətirən şagirdlər və onların valideynləri niyə sorğulanmır? Bir uşağa tərbiyə vermək ailənin vəzifəsidir, müəllimin yox. Müəllimin işi öyrətməkdir, amma indi o, sinifdə sanki nizam-intizamı bərpa etməyə çalışan "hakim" roluna çevrilib".
Kamran Əsədov
Ekspert deyib ki, öz övladına düzgün davranmağı, hörmət etməyi, məsuliyyəti öyrətməyən valideyn müəllimdən nə tələb edə bilər?

"Siniflər idarəolunmaz vəziyyətdədir, şagirdlərin tərbiyəsi, davranışı artıq biabırçılıq həddindədir. Müəllimi günahlandırmadan öncə özünüzdən soruşun: Mən övladımı necə böyütmüşəm?", - K.Əsədov müəllimləri qınayanlara səslənib.

Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirib ki, Sumqayıt şəhərindəki 38 nömrəli məktəbdə "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.