BAKI, 18 dekabr — Sputnik. Bələdiyyə seçkilərində 6 min 218 nəfər namizədlik üçün müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Komissiya sədri qeyd edib ki, prosesdə hələlik heç bir qanun pozuntusu qeyd alınmayıb:
"685 bələdiyyəyə üzvlər seçilir. 5734 seçki məntəqəsi üzrə 5 milyon 876 mindən çox seçici səsvermədə iştirak edəcək. 263 nəfərin namizədliyi artıq qeydə alınıb. Seçki prosesində qeydə alına biləcək bütün pozuntuları ciddi qiymətləndirəcəyik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün müvafiq addımlar atılacaq. Siyasi partiyaların seçkilərdə öz namizədləri ilə iştirakını, tərəfdarlarını səsverməyə dəvət etmələrini arzulayırıq".
Məzahir Pənahov
© Sputnik / Murad Orujov
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri çərçivəsində indiyə kimi 701 müşahidəçi qeydiyyatdan keçib.
İclasda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair Bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün MSK tərəfindən 6 milyon 52 min 721 min bildiriş çap olunacaq.
Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.