BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ukraynada münaqişənin sona çatması onun administrasiyasının konkret addımlarından asılı olacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Diplomat bildirib ki, Rusiyanın Ağ Evin müxtəlif administrasiyaları ilə qarşılıqlı münasibətlərdə (o cümlədən Trampın ilk prezidentlik dövründə də) böyük təcrübəsi var.
"Trampın prezidentlik dövründə ölkəmizə qarşı 50 dəfədən çox sanksiyalar tətbiq edilib. Ölkəmizə qarşı çoxlu qeyri-dost təzahürlər olub. Bunu unutmaq olmaz", mətbuat katibi bildirib.
Bu yaxınlarda Tramp Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün saziş bağlamaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bunun yeganə yolu Ukraynadan əl çəkməməkdir.
Daha sonra "The Wall Street Journal" qəzeti yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsi təklifini irəli sürüb. Nəşrin məlumatına görə, Tramp bu ehtimalı dekabrın 7-də Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşündə müzakirə edib.